Tələbə Həmkarlar İttifaqı Komitəsi

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Rəyasət Heyəti 17 nəfərdən, o cümlədən, Sədr və müvafiq olaraq 7 fakültə sədrindən ibarətdir. Universitetdə təhsil alan bütün tələbələr THİK-nin üzvüdür.

 

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmalası, yataqxana ilə təmin olunmalası, universitetin daxili nizam-intizam qaydalarına riayət etməsi, tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, yay düşərgələrinin təşkili, universitetin ictimai həyatı və elmi cəhətdən fərqlənən THİK fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.

 

 

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində 12 idman növünü özündə birləşdirən (futbol, voleybol, handbol, basketbol, cüdo, sərbəst güləş, yunan-roma güləşi, masaüstü tennis, şahmat, dama və s.) idman klubu fəaliyyət göstərir. İdman klubunun üzvləri daima öz nailiyyətləri ilə seçiliblər.

 

Bununla yanaşı, Komitənin nəzdində universitetin brendi, 51 illik tarixə malik olan və özfəaliyyət kollektivləri arasında yeganə “Xalq ansamblı” adına layiq görülmüş “Gənclik” mahnı və rəqs ansamblı fəaliyyət göstərir. Ansambl Avropanın bir sıra ölkələrində (Almaniya, Moldova, Ukrayna, Türkiyə), habelə Koreyada keçirilən festivallarda ölkəmizi və universiteti ən yüksək səviyyədə təmsil edib və vətənə yüksək nailiyyətlərlə qayıdıb. Ansambl iştirak etdiyi bütün ölkədaxili festivallarda ya qalib, ya da (ən pis halda) ikinci yerə layiq görülüb. 2016-cı ildə isə “Gənclik” mahnı və rəqs ansamblı professionallar arasında ölkə birincisi adına layiq görülüb.

 

Komitənin nəzdində ADNSU Teatr Klubu (ATK) da fəaliyyət göstərir. İstedadlı tələbələr sistematik olaraq qurduqları tamaşaları universitet ictimaiyyətinə təqdim edirlər. 

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Maqnat” intellektual klubu və “ADNSU Debat Klubu” da fəaliyyət göstərir ki, bu da tələbələrimizin intellektual baxımdan inkişaf etməsinə öz töhfəsini verir. “Maqnat” intellektual klubu özündə “Kim? Harada? Nə Zaman?”, “Brain Ring” və “Xəmsə” turnirlərində iştirak edən komandaları birləşdirir və müntəzəm olaraq universitet daxilində intellektual yarışların təşkil olunmasını təmin edir. “ADNSU Debat Klubu” tələbələrimizə səlis və aydın nitqi formalaşdırmağa və onu əsaslandırmaqlarına köməklik edir, həftəsonları daxili çempionatlar keçirir və eyni zamanda da ölkədaxili turnirlərdə iştirak edərək yüksək nailiyyətlər qazanır.

 

2016-cı ildən Universitetdə “Şən və Hazırcavablar Klubu” (KVN) da fəaliyyət göstərir. Yeni yaranmasına baxmayaraq “AzNeft” komandamız artıq ölkə çempionu adına layiq görülüb.

 

      Sədr

   

 Namiq Gəncəyev  

 

      Əlaqə nömrəsi

   

 +994 12 493 54 57