Fransa-Azərbaycan Universiteti (UFAZ)

 

 

Fransa-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

 

Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rəhbərlik edir.

 

2016-cı ilin sentyabr ayından UFAZ aşağıdakı ixtisaslar üzrə iki diplomun verilməsini öhdəsinə götürür:

 

  • Kimya mühəndisliyi üzrə Bakalavr (Unistra / ADNSU)
  • Kompüter elmləri üzrə Bakalavr (Unistra / ADNSU)
  • Geofizika mühəndisliyi üzrə Bakalavr (Unistra / ADNSU)
  • Neft-qaz Mühəndisliyi üzrə Bakalavr (Ren 1 Universiteti / ADNSU)

 

Universitet ADNSU-nun nəzdində yaradılıb və məzunlarını ADNSU və Strasburq Universitetinin diplomları ilə təmin edir. Beləliklə tələbələr xaricə getmədən ADNSU ilə bərabər  Fransanın ən qədim universitetlərindən biri olan Unistra-nın diplomunu ala biləcəklər.

 

Universitetdə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır. Təhsil 1 hazırlıq ili və 3 il bakalavr olmaqla, 4 ildən ibarətdir. Hazırlıq ilində tələbələrə intensiv ingilis və fransız dili dərsləri ilə bərabər, əsas texniki fənlər keçirilir.

 

2016/2017-ci qəbul ilində universitetə 141 tələbə qəbul edilib. Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə imtahanından 500-dən çox bal toplayan abituriyentlər ADNSU-nun binasında Strasburq Universitetinin apardığı imtahanda iştirak edib və onlardan ən hazırlıları UFAZ-da təhsil almaq haqqını qazanıblar.

 

UFAZ tələbəsi olmağın üstünlüklərindən biri bu ali məktəbin partnyorları olan Fransanın universitetlərində (Strasburq Universiteti və Renn 1 Universiteti) təşkil olunan yay məktəblərində iştirak etmək şansıdır. 2017-ci ilin yay fəslindən başlayaraq UFAZ-ın 40 tələbəsi həmin pedaqoji və mədəniyyət səyahətlərində iştirak etmək imkanını qazanıblar.

 

UFAZ-ın dörd ixtisasından ən yaxşı akademik nəticələri olan tələbələrə (hazırlıq ili ərzində) bu proqramda ödənişsiz iştirak etmək imkanı verilib.

 

Yay məktəbləri ərzində tələbələrə laboratoriyalara səfər, konfranslar, fransız dili kursları və Fransanı və onun tarixi irsini kəşf etmək məqsədilə mədəni tədbirlərdən ibarət zəngin elmi və mədəni proqram təklif olunacaq.

 

UFAZ öncə güclü elmi hazırlıqlı, elementar ingilis dili biliyinə sahib, orta məktəbi yeni bitirən və Dövlət İmtahan Mərkəzinin imtahanından, həmçinin Bakıda Strasburq Universiteti tərəfindən təşkil edilən UFAZ-a qəbul imthanından müvəffəqiyyətlə keçən Azərbaycan abituriyentlərini axtarır.

 

UFAZ-ın məqsədləri nədir?

  

  • Mükəmməl və beynəlxalq səviyyəli universitet qurmaq;
  • Həm Fransa, həm də Azərbaycan üçün qarşılıqlı faydalı, yüksək səviyyəli, uzun-müddətli elmi-texniki əməkdaşlığı yaratmaq və inkişaf etdirmək;
  • Azərbaycanda ali təhsil sistemində edilən islahatları təşviq etmək;
  • Peşəkar və sənaye dünyaları ilə, xüsusilə də Elm və Yüksək Texnologiyalar sahələrində, yaxın əməkdaşlıqda Azərbaycanın ictimai-iqtisadi inkişafına kömək edəcək fransız və ingilisdilli yüksək ixtisaslı işçi qüvvəsini yaratmaq.

 

Əlaqə vasitələri:

 

Ünvan:        Azadlıq pr., 34 Bakı, Azərbaycan

E-ünvan:     info@ufaz.az

Facebook    UFAZ University   

Veb-sayt:    ufaz.az

Telefon:      +994 50 969 83 55

                    +994 12 493 23 24