ADNSU-da təhsil

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mütəxəssis və kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin sərəncam və qərarları, Təhsil sahəsində İslahat Proqramı və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.


ADNSU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Hazırda universitetdə 7 fakültə və 24 kafedra fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 14000-dək tələbə, o cümlədən 437 tələbə SABAH qruplarında, 579 tələbə UFAZ-da ali təhsil alır. ADNSU-da magistratura səviyyəsində 2368 tələbə təhsilini davam etdirir, doktorantura səviyyəsində təhsilini isə 316 nəfər elmi fəaliyyətlə məşğul olur.        

      

Hazırda ADNSU-da 606 professor və müəllim heyəti təhsilə cəlb edilib. Onlardan 51 nəfər professor, 271 nəfər dosent, 186 nəfər müəllim, 54 nəfər baş müəllim vəzifələrində çalışır. 

     

2014/2015-ci tədris ilindən başlayaraq, ADNSU-da təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə SABAH qrupları yaradılıb. Hazırda SABAH qruplarında 333 nəfər tələbə təhsil alır, 135 müəllim müxtəlif ixtisaslar üzrə müvafiq fənləri müasir metodlarla tədris edir.

Hazırda ADNSU-da Türkiyə, Rusiya, Çin, Türkmənistan, Qazaxıstan, Yunanıstan, Yəmən, Vyetnam, İran, Suriya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 300-dən çox əcnəbi tələbə təhsil alır.

 

 

ADNSU-nun 7 tələbəsi Prezident təqaüdü, 3 nəfər A.Mirzəcanzadə adına, 2 nəfər Ak.Y.H. Məmmədəliyev, 2 nəfər Ak.M.F.Nağıyev, 2 nəfər Ak.X.B.Yusifzadə, 2 nəfər A.Axundov, 2 nəfər Ç.Cuvarlı, 2 nəfər A.A.Əlizadə, 2 nəfər N.Gəncəvi, 2 nəfəri isə Ak.İ.Ə.İbrahimov adına təqaüd alır.

UFAZ-da 18 nəfər Mövsüm Bəy Xanlarov adına təqaüd alır.

5000-dən çox tələbəsi isə Dövlət təqaüdü alır. 

 

ADNSU-da 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetdə tələbələrin auditoriya və laboratoriyalarda əldə etdikləri praktiki bilik və bacarıqları möhkəmləndirmək üçün tədris və istehsalat təcrübəsi keçmək imkanları da genişləndirilir. ADNSU-da təhsil alan tələbələr hər il tədris planına və tədris qrafikinə uyğun olaraq müxtəlif müəssisələrdə tədris və istehsalat təcrübələrində iştirak edirlər. Universitetdə 42 müəssisə ilə istehsalat təcrübəsi üzrə əməkdaşlıq aparılır. Onlardan əsas baza müəssisələr – SOCAR, “Azərikimya“ İstehsalat Birliyinin “Etilen-polietilen“ zavodu, Heydər Əliyev adına neft emalı zavodu, SOCAR-ın Geofizika və Geologiya İdarəsi ilə sıx əməkdaşlıq olunur.