Rektor

    Həyatı

      Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutuna qəbul olaraq mühəndis fizikası fakültəsinin metallar fizikası ixtisası üzrə təhsil almağa başlayıb. 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb.

 

     Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

     1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professor vəzifələrində işləyib. 2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

 

     27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.

     Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib. Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür.

 

 

Elmi işlərinin istiqaməti

Massiv amorf ərintilərin işlənməsi

Forma yaddaşlı ərintilərin işlənməsi

Materialların yeni texnologiyalarla hazırlanması

Nanoquruluşlu forma yaddaşlı ərintilərin işlənməsi

Professor M. Babanlının çap olunmuş 138 elmi və elmi-metodik işi var. Müdafiədən sonra M. Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunub.

1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev, Ukrayna), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Malyorka, İspaniya), Frayberq Texniki Universiteti (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “STCU-453” (1997-1999), “DNİPRO” (1999-2002), “ECONET” (2002-2005), “STCU-3520” (2006-2009), “CNRS-ANAS” (2009-2010), “CNRS-ANAS” (2010-2011) “STCU-5078” (2010-2011) və “STCU-5595” (2012-2013) kimi beynəlxalq elmi layihələrə rəhbərlik edib.