Əcnəbi Tələbələr

 

Universitetin tarixi

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 14 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov və Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin imzaladıqları dekret əsasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu olaraq yaradılmışdır. Ötən yüz il ərzində dövrün tələblərinə uyğun olaraq universitetin adı bir neçə dəfə dəyişdirilmiş, müxtəlif illərdə Azərbaycan Neft İnstitutu, Azərbaycan Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, 2015-ci ildən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılmışdır. Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti ADNSU-nun ayrı-ayrı fakultələri əsasında yaradılmışdır. İndiyədək Universitetdə 140 minə yaxın tələbə təhsil almışdır. 


Ötən 79 il ərzində akademiya 70000-dən çox mühəndis, 2000-dən çox elmlər namizədi və 250-dən çox elmlər doktoru hazırlamışdır. 
ADNSU-nun məzunlarından 50 nəfərdən çoxu Azərbaycan Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 150 nəfərdən çoxu Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanı, 70 nəfərə yaxını Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. 

 

İnfrastruktur

 

ADNSU bu illər ərzində, 100-dən çox ölkədən təxminən 100 minə yaxın yüksək ixtisaslı kadr hazırlayıb. Hazırda universitetdə 9 minə yaxın tələbə təhsil alır, onlardan 400-ə yaxını əcnəbi tələbələrdir. Universitetin maddi-texniki bazası aşağıdakı komponentlərdən ibarətdir: 

 

  • 3 tədris korpusu
  • 1 milyona yaxın kitab fondu olan kitabxana
  • İnformasiya hesablama mərkəzi
  • Tədris vəsaitləri çap edən nəşriyyat
  • 7 korpuslu tələbə şəhərciyi
  • Tələbə poliklinikası və xəstəxanası
  • İdman kompleksi
  • Nabranda istirahət kompleksi
  • Daşkəsəndə təcrübə mərkəzi
  • İki elmi-tədqiqat institutu
  • 32 elmi-tədqiqat problem laboratoriyası
  • Sənaye müəssisələri işçilərinin ixtisasartırma və yenidən hazırlanma institutu

 

Beynəlxalq əməkdaşlıq

 

ADNSU-nun beynəlxalq əlaqələri Beynəlxalq əlaqələr üzrə prorektora tabe olan Beynəlxalq Əməkdaşlıq Şöbəsi və Əcnəbi tələbələrlə iş üzrə dekanlıq vasitəsi ilə koordinasiya edilir. 

 

İkitərəfli müqavilələr

 
Hazırda universitetin 25-dən çox ölkənin 75 universiteti ilə birbaşa əməkdaşlıq münasibətləri mövcuddur. Mövcud müqavilələr çərçivəsində tələbə və akademik heyətin mübadiləsi aparılır, birgə elmi layihələr həyata keçirilir. ADNSU-nun ABŞ-ın Corciya Dövlət Universiteti ilə əməkdaşlığı nəticəsində ADNSU-da Biznesin təşkili üzrə magistratura proqramı (MBA) təşkil olunmuşdur. MBA proqramının tədris planı Corciya Universiteti ilə birgə hazırlanır və hər il yenilənir. Almaniyanin Zigen Universiteti ilə sıx birgə fəaliyyət nəticəsində ADNSU-da Biznesin idarə olunması istiqaməti üzrə ixtisaslar təşkil olunmuşdur. Ətraflı məlumatlar xüsusi ixtisaslar bölməsində qeyd olunub. 

 

Beynəlxalq layihələr

 
ADNSU təhsilin keyfiyyətini yüksəltmək və təhsildə yeniliklər tətbiq etmək məqsədilə bir sıra beynəlxalq layihələrdə iştirak etmişdir. Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ADNSU-da Ətraf mühitin mühafizə üzrə bakalavr ixtisası təşkil olunmuşdur. 2015-ci ildən etibarən ADNSU Erasmus+ şəbəkəsinə qoşulmuşdur. Erasmus+ çərçivəsində universitet Ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə müxtəlif layihələrdə iştirak edir. 

 

Tələbə mübadiləsi


Tələbə mübadiləsi bir neçə istiqamət üzrə həyata keçirilir. Erasmus+ Beynəlxalq kredit Mobilliyi çərçivəsində ADNSU tələbələri Avropanın qabaqcıl universitetlərində qısa müddətli təhsil imkanı qazanır. Mövlanə proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır. 

 

Beynəlxalq təşkilatlara üzvlük

 
ADNSU-nun regional və beynəlxalq təşkilatlardakı üzvlüyü təhsilin keyfiyyətinin yüksəldilməsində birgə layihə və islahatların həyata keçirilməsinə zəmin yaradır. Universitet aşağıdakı beynəlxalq təşkilatların üzvüdür:

 

  • Avropa Universitetlər Assossiasiyası 
  • Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası
  • Avrasiya İpək Yolu Universitetlər Konsorsiumu 
  • Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası 
  • Qafqaz Universitetləri Assosiyası 

 

  Qəbul qaydaları

Yerli tələbələr

 
Azərbaycan vətəndaşları ADNSU-ya daxil olmaq üçün ümumi mərkəzləşmiş imtahan komissiyası olan Tələbə Qəbulu üzrə Dövlət komissiyasının imtahanından keçməlidirlər. Hər bir abituriyent topladığı ballara görə müvafiq ixtisaslar üzrə təhsil ala bilər. 

 

Əcnəbi tələbələr

 
Əcnəbi tələbələr TQDK imtahanında iştirak etmədən ADNSU-ya müraciət edə bilər. Müvafiq dil biliklərinə malik olan əcnəbi tələbə universitet daxilindəki imtahan komissiyasının yoxlamasını uğurla keçərsə, birbaşa bakalavr və ya magistr pilləsi üzrə təhsil almaq hüququ qazanır. Daxili imtahan komissiyasının yoxlamasından keçə bilməyən əcnəbi tələbəyə dil və fənn biliklərini dərinləşdirmək üçün bir illik hazırlıq kursunda iştirak etmək şansı verilir. Hazırlıq kursunu uğurla başa vuran tələbə müvafiq mərhələ və seçdiyi ixtisas üzrə təhsilini davam etdirə bilər. Əcnəbi tələbələrin qəbulu proseduru, birbaşa universitetin Beynəlxalq Əməkdaşlıq Şöbəsi və Əcnəbi tələbələrlə iş üzrə Dekanlıq tərəfindən təşkil olunur.