Card image cap

Azərbaycan-Fransız Universitetinə (UFAZ) bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib.

İmtahan Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə baş tutub.

UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 372 tələbə qeydiyyatdan keçib və onlardan 366 tələbənin namizədliyi təsdiq edilib. Namizədlərdən 137 nəfərini qızlar, 229 nəfərini isə oğlanlar təşkil edib. Müraciət edənlər arasında ən yüksək DİM balı 685,50 olmaqla bütün tələbələrin orta balı 584,53 olub.

130 dəqiqə davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun olaraq (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar.

test suallarından ibarət daxili imtahanı aşağıdakı mövzular əhatə edib: 

  • Fizika (10 sual) - 20 bal
  • Kimya (10 sual) - 20 bal
  • Riyaziyyat (10 sual) - 20 bal
  • Ümumi elmi biliklər (10 sual) - 20 bal
  • İngilis dili (çalışma + esse) - 20 bal.

İmtahan nəticələri sentyabrın 13-də elan olunacaq. Appelyasiya şikayətlərinə isə 14 sentyabr tarixində baxılacaq.

UFAZ daxili imtahanında uğurlu nəticə əldə edən abituriyentlərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr isə DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Qeyd edək ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.  UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir.