Card image cap

UFAZ-a yeni qəbul olan tələbələr üçün “Oriyentasiya Günü”keçirilib

Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) yeni qəbul olan 148 tələbə üçün “Oriyentasiya Günü”keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Mustafa Babanlı tələbələri salamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatına qarşı apardığı əks-hücum əməliyyatlarında şəhid olan və Ermənistanın təxribatı nəticəsində həyatını itirmiş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADNSU-nun rektoru, professor M.Babanlı tələbə adını qazanan gənclərin bu il qarşılaşdıqları çətinliklərdən söhbət açıb, onlara yeni tədris ilində uğurlar arzu edib.  O tələbələrin müasir biliklərə yiyələnmələrində professor-müəllim heyətinin rolunu xüsusi qiymətləndirməklə yanaşı uğurun əldə olunmasının gənclərin özlərinin çalışqanlığından asılı olduğunu vurğulayıb.

UFAZ-ın direktoru Vazeh Əskərov Azərbaycan gənclərinə xaricdə təhsil imkanları yaradan dövlət proqramından danışıb, I kurs tələbələrinin oflayn təhsilinin davamlı olmasında pandemiya şəraitinin qaydalarına əməl olunmasının əhəmiyyətini vurğulayıb və gənclərə tədris ilində uğurlar arzu edib. 

UFAZ-ın baş katibi Elizaveta Bidanova Fransa və Azərbaycan mədəniyyətinin kəsişməsində yaranan UFAZ-da təhsil almağın üstünlüklərindən danışıb, həyatının yeni mərhələsinə qədəm qoyan tələbələrə şəxsi motivasiya, sosial bilik və bacarıqların əldə edilməsi haqqında qısa təqdimat edib. 

Təhsil departamentinin müdiri Lətifə Nəsibova ümumi tədris prosesi haqqında tələbələrə məlumat verərək onları daha yüksək məqsədlər qoymağa və bu məqsədlərə nail olmaq üçün daha böyük səylə çalışmağa, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə çağırıb. 

Daha sonra Təhsil departamenti,  yerli və əcnəbi müəllimlərdən ibarət akademik heyət birinci kus tələblərini akademik və inzibati qaydalar, tədris planları ilə tanış edib.

UFAZ-a qəbul olan tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil alacaqlar: Geofizika mühəndisliyi, Kimya mühəndisliyi, Kompüter elmləri və Neft-qaz mühəndisliyi. Bütün tələbələr iki tələbə bileti (ADNSU və Strasburq Universiteti) və UFAZ-da təhsillərini asanlaşdıracaq və 4 il müddətində istifadə edə biləcəkləri fərdi noutbuk alacaqlar.