Card image cap

ADNSU-nun Əsaslı kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. Sərgidə Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən soyqırımı, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən kitablar və dövri mətbuatda verilən yazılar öz əksini tapıb.

Sərgidə həmçinin "Xocalı soyqırımı: Milyon imza - bir tələb" adlı 16 cilddən ibarət kitabın bir neçə hissəsi də yer alıb. 16 cilddən ibarət olan bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının erməni işğalçılarının törətdikləri Xocalı soyqırımının tanınması çağırışı ilə keçirdiyi kampaniyanın nəticəsində hazırlanıb.

"Xocalı soyqırımı: Milyon imza - bir tələb" dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının arxivlərində və kitabxanalarında saxlanmaq üçün təqdim edilib. Bunlara Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Elmi kitabxanası, BDU-nun Elmi kitabxanası, ADNSU-nun Əsaslı kitabxanası, həmçinin Belçika Kral Kitabxanası, Fransa Milli Kitabxanası, Almaniyanın Milli Kitabxanası, ABŞ konqresinin Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Britaniya Kitabxanası, Türkiyənin Milli Kitabxanası, Haaqa Beynəlxalq Hüquq Evinin Kitabxanası, BMT-nin Kitabxanası, ATƏT-in Kitabxanası, Avropa Birliyinin Kitabxanası, AŞPA-nın Kitabxanası, Beynəlxalq Cinayət Məhkəməsinin Kitabxanası və digərlərini göstərmək olar.