Card image cap

UFAZ-da Frankofoniya həftəsinin yekun konserti keçirilib

Aprelin 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) tələbələrinin Frankafoniya bayramı münasibətilə konsert proqramı keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti, xarici tədqiqat və təlim koordinatoru, professor Filip Turek və tələbələr iştirak edib. Fransanın dövlət himni ilə başlayan konsert proqramında UFAZ tələbələri rəqs, musiqili pantomima, fransız dilində meyxana, müzikl, şeir və başqa bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər.

Proqramın sonunda Fransanın Azərbaycandakı səfiri Orelia Buşez tədbirin keçirilməsində əməyi keçən hər kəsi təbrik edib, UFAZ tələbələrinin qısa müddətdə əldə etdiyi uğurlara görə çox sevindiyini dilə gətirib. Frankofoniya həftəsinin UFAZ-da qeyd olunmasını təqdirəlayiq hal kimi qiymətləndirən xanım səfir UFAZ tələbələrinə bundan sonrakı tədrislərində nailiyyətlər arzulayıb.

ADNSU-nun rektoru, prof. Mustafa Babanlı UFAZ-a daim dəstək göstərdiyinə görə səfir Orelia Buşezə təşəkkür edib və gözəl konsert proqramına görə tələbələri təbrik edib. UFAZ tələbələrinin qısa müddətdə tədrisdə böyük nailiyyətlər qazandığını deyən rektor onlara gələcəkdə daha böyük uğurlar arzulayıb.

Xatırladaq ki, aprel ayında ənənəvi olaraq bütün Frankafon ölkələrində qeyd olunan Frankafoniya bayramı 11-14 aprel tarixlərində Fransa-Azərbaycan Universitetində qeyd olunub.