Card image cap

ADNSU-da Bakı 2017 könüllülərinin şəxsi və peşəkar inkişafı üzrə sonuncu təlimi keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP şirkətinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramının “Bakı 2017 Könüllülərinin şəxsi və peşəkar inkişafı” istiqaməti üzrə sonuncu təlimi baş tutub.

Təqdimat bacarığına həsr olunan təlimdə qarşılıqlı əlaqə qurma, məlumatı aydın formada auditoriyaya çatdırma qabiliyyətindən söz açılıb.

İngilis dilində ünsiyyət və şəxsi inkişaf proqramı olan “GR8”in həmtəsisçisi, peşəkar təlimçi Coşqun Kərimov təlimin birinci hissəsində könüllülərə təqdimatın düzgün strukturu, vacib məlumatların auditoriyaya səmərəli formada çatdırılması qaydaları barədə məlumat verib.

Təlimin ikinci hissəsində tanınmış televiziya aparıcısı Nərgiz Cəlilova öz təcrübəsini gənclərlə bölüşərək, onların suallarını cavablandırıb.

Bununla da “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramının “Bakı-2017 könüllülərinin şəxsi və peşəkar inkişafı” istiqaməti üzrə keçirilən təlimlər silsiləsi başa çatıb. Proqramın “Bakı-2017 könüllülərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı” istiqaməti üzrə keçirilən “Rol” və “Məkan” təlimləri isə davam edir.

Proqram çərçivəsində könüllülərin sosial fəallığını artırmaq məqsədilə qocalar və uşaq evlərinə ziyarətlər, ağacəkmə aksiyaları və s. kimi bir sıra sosial tədbirlər də keçirilib.