Card image cap

ADNSU-da 2017-2018-ci tədris ili üçün SABAH qruplarına qəbulla bağlı görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2017-2018-ci tədris ili üçün SABAH qruplarına qəbulla bağlı I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva iştirak edib.

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov universitetdə SABAH qruplarına çox böyük önəm verildiyini və burada təhsil alan gənclərin gələcəkdə öz ixtisasları üzrə peşəkar mütəxəssis olacaqlarına inandığını bildirib.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə SABAH qrupları haqqında geniş məlumat verib, təqaüd qaydalarından, təcrübə proqramlarından, yataqxana şəraitindən, burada təşkil olunacaq fransız dili kurslarından danışıb.

SABAH qruplarının ali təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradıldığını deyən Şahin Seyidzadə SABAH qruplarına qəbul qaydaları və tədris prosesi haqqında tələbələri məlumatlandırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.