Card image cap

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin XXXIX konfransı keçirilib

Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) XXXIX konfransı keçirilib. Konfransda ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və  konfrans üzvləri iştirak edib.

Tədbirdə THİK-in beş il müddətində gördüyü işləri əks etdirən geniş hesabatla çıxış edən N.Gəncəyev komitənin əsas fəaliyyətinin tələbələrin tədris, tərbiyə, elmi uğurlarının artırılması, sosial-iqtisadi problemlərinin həlli, onların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, tələbələrin dünyagörüşlərinin artırılması, təlim kurslarının və diskussiya klublarının təşkil olunması istiqamətində aparıldığını bildirib. THİK-in incəsənətə meyli olan tələbələr üçün də geniş şərait yaratdığını deyən N.Gəncəyev komitənin tərkibində fəaliyyət göstərən dərnək və klubların uğurlarından söz açıb. Bununla yanaşı tələbələrin intellektlərinin və dünyagörüşlərinin artırılması istiqamətində də müəyyən işlər görüldüyünü qeyd edən N.Gəncəyev universitetin hər bir tələbəsinə THİK tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri Abbas Həsənli  və digər məclis üzvləri görülən işlər haqqında hesabat veriblər.

Konfransda məclis üzvləri tərəfindən sədrliyə namizədliyi irəli sürülən Namiq Gəncəyev ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Sonra tədris işləri üzrə prorektor,  dosent Qasım Məmmədov çıxış edərək THİK-in fəaliyyətini yüksək dəyərləndirib, onun spesefik tərkibinə, əldə etdiyi uğurlara görə daim digər ali məktəblərin Tələbə Həmkarlar İttifaqı Komitələrindən seçildiyini qeyd edib. THİK-in təşkilatlanma ilə yanaşı universitetin idarə edilməsində də yaxından iştirak etdiyini vurğulayan prorektor komitənin tələbələrin hüquqlarının qorunmasında və asudə vaxtlarının səmərəli keçirilməsində hər zaman fəal rol oynadığını bildirib. Cəmiyyətin inkişafının hər bir fərdin harmonik inkişafı ilə bilavasitə bağlı olduğunu qeyd edən Q. Məmmədov THİK-in tələbələrin fərdi istedadlarını aşkar edilib inkişaf etdirilməsində  böyük əməyi olduğunu bildirib.