ADNSU-nun tələbələri “166 Yükdaşıma və Logistika” şirkətinin təcrübə proqramına qatılıblar
24 avqust 2020-ci il tarixindən etibarən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələləri uğurla keçərək “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər.
“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar ölkənin müxtəlif universitetlərindən olan tələbə və məzunlardır. Onlar arasında 6 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbə və məzunlarıdır. Seçim mərhələsindən uğurla keçən tələbə və məzunlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübə proqramına qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq və proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunaraq “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, son zamanlar ölkəmizdə logistika sahəsi sürətlə inkişaf edir. “166 Yükdaşıma və Logistika” şirkəti də yenilikləri hədəf almaqla hər zaman gənc və istedadlı kadrlara üstünlük verir. 2020 Yay təcrübə proqramını həyata keçirməkdə də əsas məqsəd Azərbaycanın logistika sahəsində istedadların üzə çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına yeni töhfə verməkdir.