ADNSU “UniLab” layihəsi çərçivəsində növbəti konfransda iştirak edib

Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UniLab” layihəsi çərçivəsində Sibir Federal Universitetinin təşkil etdiyi onlayn konfransda iştirak edib.
"İstehsalat təcrübəsi: inkişaf vektorları və qarşılıqlı təsir mexanizmləri” adlı onlayn qrup müzakirəsində Rusiya universitetlərinin təcrübə və karyera imkanlarından danışılıb, həmçinin tələbələrin praktiki vərdişlərini təkmilləşdirmək üçün təkliflər müzakirə edilib.
Konfransın təşkilatçısı Sibir Federal Universitetinin əməkdaşı Svetlana Ulina təmsil etdiyi universitetin karyera mərkəzi və müəssisələrlə “vahid pəncərə prinsipi “ əsasındakı fəaliyyətindən danışıb və  geniş təqdimatla çıxış edib.
Konfransda həmçinin tələbələrin ilkin istehsalat təcrübəsinə cəlb olunmasının və bu istiqamətdə vərdişlərin təkmilləşdirilməsinin vacibliyi qeyd edilib, “Karyera mərkəzləri”nin fəaliyyəti, eyni zamanda məzunların işlə təmin olunmasına dəstək üçün iş mexanizmləri müzakirə olunaraq, təkliflər irəli sürülüb və mövcud problemlərin həlli yönündə qarşılıqlı iş aparılmasının əhəmiyyətindən danışılıb.
ADNSU-nun İstehalat təcrübəsi bölməsinin rəhbəri, t.ü.f.d Şahin Göyüşov ADNSU-da istehsalat təcrübəsi sahəsində görülən işlərdən və karyera mərkəzinin fəaliyyətindən danışaraq, müzakirə olunan məsələlərin müasir günümüzdəki vacibliyinə toxunub.
Konfransda iştirak edən ADNSU tələbələri  Qəmər Süleymanova, Elsun Əzizov və Rəna Bayramova da müzakirələrdə fəal iştirak edərək bu sahədə öz təkliflərini irəli sürüblər.
Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.