ADNSU-nun IX Məzun-Karyera Sərgisində məzunlara 233 vakant iş yeri təklif edilib
Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün IX Məzun-Karyera Sərgisi keçirilib. Qlobal koronavirus pandemiyasının hələ də hökm sürdüyünü nəzərə alaraq sərgi Azərbaycan Respublikasında elan edilmiş karantin rejimi şəraitində onlayn formatda keçirilib. Sərgidə 56 dövlət qurumu və özəl şirkət tərəfindən 233 vakant iş yeri təqdim olunub.
Sərgidə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dövlət və şirkət nümayəndələrinə təşəkkürünü bildirib. O Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, xalqımızın Vətən Müharibəsində tarixi zəfər qazanması münasibətilə iştirakçıları təbrik edib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizə allahdan rəhmət diləyib.
ADNSU-da müasir sənaye və iqtisadiyyatın tələblərinə uyğun kadrların yetişdirildiyini söyləyən rektor, universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera sərgilərinin gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühün platfotrma olduğunu diqqətə çatdırıb. O, koronavirus epidemiyasının geniş yayılması və bununla bağlı ölkədə görülən qabaqlayıcı tədbirlərə uyğun olaraq universitetdə tədrisin onlayn formatda keçirildiyi, eyni zamada ADNSU-nun İT sahəsində indiyə qədər əldə etdiyi təcrübənin onlayn tədrisin keyfiyyətinə müsbət təsir etdiyini deyib. Bununla belə, tələbə və məzunlarımızın işlə təmin olunmasının hər zaman diqqətdə saxlanıldığı və bu istiqamətdə atılan addımlardan biri olaraq Məzun-Karyera sərgilərinin mühüm rol oynadığını vurğulayıb.
Sərgidə iştirak edən şirkətlərdən və dövlət qurumlarından Energetika Nazirliyinin Dövlət Qulluğu sektorunun müdiri Xəyalə Qurbanova, Qida Təhlükəsizliyi Agentliyinin Kadrlar şöbəsinin müdiri Zaur İsmayılov, Azərenerji ASC-nin İnsan Resursları Departamentinin mütəxəssisi Çinarə Qurbanova, AzərGold QSC-nin İnsan Resursları üzrə aparıcı mütəxəssisi Valid Əliyev, Baktelekom MMC-nin İnsan Resuslarının İdarə Edilməsi Departamentinin baş mütəxəssisi Nigar Rəsulova çıxış edərək vakant iş yerləri və ADNSU tələbələrinin gənc mütəxəsislər olaraq özlərini doğrultduqlarını, əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Sərgi ADNSU-nun tələbə və məzunlarının aktivliyi şəraitində diskussiya ilə davam edib, rektor M.Babanlı onların suallarını cavablandırıb.
ADNSU-nun tələbə və məzunları career.asoiu.edu.az linki vasitəsilə ADNSU-nun rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər. Qeyd edək ki, career.asoiu.edu.az saytı cari il iyunun 11-də ADNSU-nun onlayn formatda keçirilən VIII Məzun-Karyera Sərgisi zamanı yaradılıb. IX Məzun-Karyera Sərgisinin ilkin nəticələri növbəti ayın 15-də açıqlanacaq.