ADNSU ilə Unibank tələbələrin təcrübə və karyera planlaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Unibank arasında əməkdaşlıq görüşü keçirilib. Onlayn formatda keçirilən görüşdə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov görüş iştirakçılarını salamlayaraq, tələbələrin yüksəkixtisaslı kadr kimi yetişdirilməsində müəssisə və təşkilatlarla əməkdaşlığın zəruri olduğunu qeyd edib. ADNSU ilə Unibank arasındakı mövcud əməkdaşlıq əlaqələrindən danışan B.Nəzərov eyni zamanda ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. O, ADNSU-da o cümlədən ölkənin bank sektoru üçün tələb olunan ixtisaslar üzrə kadr hazırlığının aparıldığını, İqtisadyyat və Menecment, İnformasiya Texnologiyaları və İdarəetmə fakültələri, eləcə də universitetin MBA proqramlarında əmək bazarının tələblərinə uyğun tədrisin həyata keçirildiyini bildirib. ADNSU-da istesahalat təcrübəsi və Məzun Karyera Mərkəzinin fəaliyyətinin səmərəli təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edən departament direktoru məhz bunun sahyəsində universitet tələbələrinin təcrübə proqramlarından geniş iştirakının təmin olunduğunu, hər il yüzlərlə tələbənin ildə iki dəfə keçirilən Məzun-Karyera Sərgiləri sayəsində işlə təmin olunduğunu söyləyib.
Unibankın Təşkilatı İnkişaf Şöbəsinin rəhbəri Viktoriya Hüseynova, şöbənin mütəxxəsisi Günay Həsənova ADNSU ilə əməkdaşlıqdan danışaraq qarşıda duran məsələlər və gələcək layihələr haqqında ətraflı məlumat verib. Eyni zamanda təcrübə proqramları və onlayn formatda informasiya sessiyalarının təşkil olunmasını təklif edib. Unibankın nümayəndələri ADNSU-nun mayın 25-də keçiriləcək sayca X Məzun-Karyera Sərgisində iştirak edəcəklərini qeyd edərək ayrı-ayrı layihələr üzrə universitetlə daha sıx əməkdaşlıq etməkda maraqlı olduqlarını ifadə ediblər.