ADNSU-nun X Məzun-Karyera Sərgisinin ilkin nəticələri açıqlanıb

İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) X Məzun-Karyera Sərgisinin ilkin nəticələri ilə bağlı tədbir keçirilib. Onlayn formatda keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetlə tərəfdaş qurumlar – nazirlik və agentlik, dövlət və özəl şirkətlərin məsul şəxsləri iştirak ediblər. Bildirilib ki, bir ay öncə - mayın 25-də ADNSU-nun yuxarı kurs tələbələri və məzunları üçün keçirilmiş X Məzun-Karyera Sərgisində 63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-ə dək təcrübə yeri təqdim olunub. Universitetin tələbə və məzunları tərəfindən təqdim olunan iş yerlərinə uyğun olaraq 547 CV göndərilib. Eyni zamanda bir neçə tələbə sərgidə iştirak edən şirkət və dövlət qurumları tərəfindən təcrübəyə cəlb olunub. Həmçinin işlə təmin olunan bir neçə şəxsdən əlavə, digər müraciət edənlərin keçən bir ay müddətində ixtisas və peşə uyğunluğu, tələbə və məzunların daha çox hansı ixtisasa üstünlük verməsi ilə bağlı dəqiqləşmələr aparılıb.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı dövlət qurumları və şirkət nümayəndələrinə təşəkkürünü bildirib və tərəfdaş qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.
Qeyd edək ki, ADNSU-nun tələbə və məzunları career.asoiu.edu.az linki vasitəsilə ADNSU-nun rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər. Bu proses növbəti sərgiyə, yeni vakansiyələr elan olunana qədər davam edəcək.