AIESEC 1948-ci ildə yaranmış, dünyanın 110-dan çox ölkəsində fəaliyyət göstərən və 36 mindən çox üzvə sahib olan dünyanın ən böyük gənclər təşkilatıdır. AIESEC təşkilatının məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə və insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir. AIESEC BMT-nin 2030 gündəliyində yaxından iştirak edir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün çalışan aparıcı gənclər təşkilatlarından biridir. AIESEC BMT-nin Iqtisadi və Sosial Şurasının konsultativ üzvüdür və UNESCO tərəfindən tanınır. AIESEC BMT-nin Baş Katibinin Gənclər üzrə Elçisi ofisi ilə yaxından əməkdaşlıq edir. Ölkəmizdə isə Azərbaycan Gənclər Fondu və Azərbaycan Gənclər Təşkilatları Milli Şurası rəsmi əməkdaşlarımız arasındadır. AIESEC Azərbaycan 3 mübadilə proqramı həyata keçirir: "Global Volunteer" (Qlobal Könüllü), "Global Teacher" (Qlobal Müəllim) və "Global Talent" (Qlobal İstedad). Artıq 15 ildir ki, AIESEC Azərbaycan təşkilatı minlərlə gənci mübadilə proqramları vasitəsilə xaricə işləməyə göndərərək və xaricdən qəbul edərək Azərbaycan cəmiyyətinin inkişafında aktiv şəkildə iştirak edir.