Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamına əsasən peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edildi.
“Azərkosmos” Cənubi Qafqazın ilk və yeganə peyk operatorudur. “Azərkosmos” Azərbaycan Respublikasının 3 peykinin: “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya və “Azersky” Yer səthinin məsafədən müşahidəsi peyklərinin operatorudur.
2011-ci ildə fəaliyyətə başlamış şirkət, 2013-cü ilin fevral ayında orbitə çıxarılmış “Azerspace-1” və 2018-ci ilin sentyabr ayında orbitə çıxarılmış “Azerspace-2” telekommunikasiya peykləri vasitəsilə televiziya və radio yayımı və data xidmətləri göstərir. “Azerspace-1” geostasionar orbitdə 46° şərq uzunluğu və “Azerspace-2” 45° şərq uzunluğu orbital mövqelərində fəaliyyət göstərir. “Azerspace-1” və Azerspace-2 peykləri Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edir.
“Azərkosmos” 2014-cü ilin dekabr ayından etibarən “Azersky” – yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidəsi peykinin idarəçiliyini təhvil alıb. "Azersky” peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.
2017-ci ildə “Azərkosmos”da aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi məqsədilə Tədqiqat və İnkişaf Mərkəzi yaradıldı. Tədqiqat və İnkişaf Mərkəzində yerli mühəndislər peyklərin idarə olunması sahəsində müxtəlif proqram təminatlarının hazırlanması, peyklərdən alınmış təsvirlərdə dəyişikliklərin avtomatik qeydiyyatı, neyron şəbəkələr əsasında qurulmuş sistemdə təsvirlər üzərində obyektlərin tanınması, aerokosmos və robototexnika istiqamətlərində layihələr həyata keçirirlər.