Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır.
İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
– dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi;
– işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və muvafiq sertifikatın verilməsi;
– kəmiyyət vahidinin ötürılməsi ilə yanaşı, təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin muqayisəli yoxlanılması və muvafiq şəhadətnamənin verilməsi;
– ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi;
– ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və dövlət reyestrinin aparılması;
– ölçmə metodikalarının (metodlarının) attestasiya edilməsi;
– tibbi və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin verilməsi;
– beynəlxalq və regional metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
– metrologiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq və s.
Həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3. maddəsinə əsasən, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edilməsi.
İnstitut öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və öz Nizamnaməsini rəhbər tutur.
İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
İnstitut müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.
Hal-hazırda İnstitutuda aşağıdakı milli etalon laboratoriyaları fəaliyyət göstərirlər:
–Temperatur dövlət etalonları laboratoriyası;
– Kütlə dövlət etalonları laboratoriyası;
–Elektrik kəmiyyətləri dövlət etalonları laboratoriyası;
–Vaxt və tezlik dövlət etalonları laboratoriyası;
–Təzyiq dövlət etalonları laboratoriyası;
–İonlaşdırıcı şüalanma dövlət etalonları laboratoriyası;
–Sıxlıq dövlət etalonları laboratoriyası;
–Özlülük dövlət etalonları laboratoriyası.