×

Tariximiz

     Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Cənubi Qafqazın ən qədim və nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olmaqla, bir əsrdən artıq müddətdə mühəndislik və sənaye sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır.
     Universitetin əsası 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin Bakıda politexnik institutunun yaradılması haqqında qəbul etdiyi qərarla qoyulmuşdur. Daha sonra 12 dekabr 1920-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən institutun rəsmi açılması haqqında dekret verilmiş və bununla da ali təhsil müəssisəsi fəaliyyətə başlamışdır.
   Fəaliyyətinin ilk illərində institut “Neft-mədən”, “Elektromexanika”, “Mühəndis-inşaat”, “İqtisadiyyat” və “Kənd təsərrüfatı” fakültələrindən ibarət olmuşdur. Universitetin ilk rektoru professor N.A. Dubrovski təyin edilmişdir və o, ali məktəbin akademik əsaslarının formalaşmasında mühüm rol oynamışdır.
   XX əsr ərzində universitet Azərbaycanın sənayeləşməsi və xüsusilə neft sənayesinin inkişafı üçün mühəndis kadrların hazırlanmasında aparıcı elmi-tədris mərkəzlərindən birinə çevrilmişdir. Universitetin məzunları yalnız Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində neft-qaz sənayesi, energetika, tikinti və digər mühəndislik sahələrinin inkişafına töhfə vermişlər. Bu müddət ərzində universitet bir neçə struktur dəyişiklikləri keçirmiş və müxtəlif dövrlərdə adı bir neçə dəfə dəyişdirilmişdir.
   2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in sərəncamı ilə ali təhsil müəssisəsinin adı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olaraq dəyişdirilmişdir. Bu qərar universitetin fəaliyyət istiqamətinin genişləndirilməsi və yalnız neft sənayesi üçün deyil, bütövlükdə ölkənin sənaye və texnologiya sahələri üçün müasir ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəldilmişdir.
   Bu gün ADNSU müasir tədris və elmi infrastruktura malik aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetdə müasir laboratoriyalar, tədqiqat mərkəzləri, kompüter laboratoriyaları və innovativ tədris mühiti fəaliyyət göstərir. Tədris prosesi yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
   Hazırda universitetdə təhsil ali təhsilin üç pilləsi üzrə – bakalavr, magistratura və doktorantura səviyyələrində təşkil olunur. ADNSU-da 7 fakültə üzrə müxtəlif mühəndislik və texnologiya istiqamətlərini əhatə edən 30 ixtisas üzrə kadr hazırlığı aparılır. Universitetin bir sıra təhsil proqramları beynəlxalq akkreditasiyadan keçmişdir.
   Universitet eyni zamanda beynəlxalq əməkdaşlığa böyük önəm verir və dünyanın aparıcı ali təhsil müəssisələri ilə akademik tərəfdaşlıq əlaqələri qurmuşdur. Bu əməkdaşlıq çərçivəsində tələbələr üçün ikili diplom proqramları həyata keçirilir. Belə proqramlardan biri Strasburq və Vorvik Universiteti ilə birgə təşkil olunur.
   Bir əsrdən artıq tarixə malik olan ADNSU bu gün də regionun mühəndislik və texnologiya sahəsində aparıcı elm və təhsil mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir və sənayenin inkişafına töhfə verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.
Universitetin tarixi haqqında daha ətraflı məlumat link üzərindən keçid etməklə əldə etmək olar