Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin yaradıcılığı və təşəbbüslərinin realizə edilməsi məqsədilə startap mərkəzinin yaradılması ilə bağlı təşəbbüs rektor Mustafa Babanlı tərəfindən 2015-ci ilin payızında irəli sürülüb. “eazi START” adı almış bu mərkəz özündə startap məktəbini, ko-vorkinq məkanını və laboratoriyanı əhatə edir.
Startap məktəbində ilk olaraq ən kreativ tələbələrə startap, ixtiraçılıq və biznes haqqında ən əsas biliklərin verilməsi məqsədilə təlim aparılması üçün Ukrayna və İsraildən olan mütəxəssislərlə razılığa gəlinib. Məktəbə qeydiyyat 29 dekabr 2015-ci ildə başlanıb, iştirakla bağlı 247 nəfər müraciət edib. Müvafiq yoxlamadan sonra məktəbin ilkin mərhələsində iştirak üçün 100 nəfərin namizədliyi təsdiqlənib. Onlar arasında yerli tələbələrlə yanaşı, digər ali məktəblərin nümayəndələri, həmçinin əcnəbi vətəndaşlar da var idi.
İlk mərhələ 6 ay - 2016-cı ilin yanvarından iyununadək davam edib. Mərkəzin tərəfdaşları və mentorları İqor Peer (“Be Next IT” biznes inkubatoru, İsrail) və İnna Malyukova (“Sikorsky Challenge” Startap məktəbi və biznes inkubatoru, Ukrayna) iştirakçılara təlimlər keçib. Proqrama görə, ilk 2 ay ərzində qrup təlimlərində startaplar, innovativ biznes haqqında ümumi biliklər verilib, sonrakı iki ay ərzində isə iştirakçıların ilkin təşəbbüs və layihələri ilə bağlı fərdi işlər aparılıb.
30 iyun 2016-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində startap məktəbinin ilk buraxılışı təşkil olunub və festivalda 15 layihə müvafiq komandalar tərəfindən qonaqlara təqdim edilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadə, Təhsil Naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, universitet rəhbərləri, yerli və əcnəbi investorlar iştirak edərək təqdim olunan layihələri yüksək qiymətləndiriblər. Tədbirdə iştirak edən israilli iş adamları və sərmayəçilər bəzi layihələrin çox asanlıqla dünya bazarına çıxarılmasının mümkünlüyünü də qeyd edib. Elə tədbir günü “eazi START” Startap və İnnovasiya Mərkəzinin rəsmi açılışı baş tutub, qonaqlar startapçı gənclər üçün ADNSU-da yaradılmış şəraitlə tanış olublar.
Hazırda mövcud layihələr həm softver, həm də hardver işlərini əhatə edir. Əsasən kompüter proqramları və mobil tətbiqlərlə bağlı olan layihələr “eazi START” Startap və İnnovasiya Mərkəzində komandaların özləri tərəfindən həyata keçirilir. Bu işdə Universitetin İnformasiya Texnologiyaları Departamenti də yaxından iştirak edərək öz məsləhət və töhfələrini verməkdədir. Mühəndislik işləri isə tələbələrin ixtiyarına verilmiş xüsusi laboratoriyada həyata keçirilir. Hər bir layihə ilə bağlı Universitetin müvafiq kafedrasından bir və ya bir neçə müəllim məsləhətçi qismində çıxış edir, tələbələri düzgün yönləndirməyə çalışır.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “eazi START” Startap və İnnovasiya Mərkəzi vasitəsilə layihələrin inkişafına daha çox dəstək göstərmək niyyətindədir. 2017-ci ilin əvvəli üçün artıq bir neçə layihə üzrə prototiplərin hazır olunmasından sonra onların yerli və xarici bazara çıxarılması üçün daha çox işlər görüləcək, tələb və təklifdən asılı olaraq kütləvi istehsal təşkil ediləcək.
2017-ci ilin oktyabr ayından “eazi START” Startap və İnnovasiya Mərkəzində təlimlərin yeni mövsümünə start verilmişdir. Təlimlər əvvəlcədən qurulmuş plan üzrə təxminən 6 ay davam edəcəkdir.