Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mütəxəssis və kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin sərəncam və qərarları, Təhsil sahəsində İslahat Proqramı və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.
ADNSU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində tədris aparılır. Bakalavr səviyyəsində 31 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. onlardan da 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib. Hazırda universitetdə 7 fakültə və 24 kafedra fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 31 ixtisasda 15375 nəfər, magistratura səviyyəsi üzrə 30 ixtisasın 62 ixtisaslaşmasında 2661 nəfər təhsil alır. O cümlədən 648 tələbə SABAH qruplarında, 587 tələbə UFAZ-da ali təhsil alır. ADNSU-da magistratura səviyyəsində 2962 tələbə, o cümlədən 81 tələbə UFAZ-da təhsilini davam etdirir. ADNSU-da doktorantura səviyyəsində isə 303 nəfər elmi fəaliyyətlə məşğul olur.
ADNSU ilə (UFAZ) – Fransanın Strasburq Universiteti (bakalavr, magistr və doktorantura səviyyəsində) və Böyük Britaniyanın Vorvik Universiteti arasında (magistr səviyyəsində) ikili diplom proqramları mövcuddur.
Hazırda ADNSU-da 829 akademik heyət təhsilə cəlb edilib. Onlardan 59 nəfər professor, 355 nəfər dosent, 415 nəfər müəllim vəzifələrində çalışır.
2014/2015-ci tədris ilindən başlayaraq ADNSU-da təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə SABAH qrupları yaradılıb. Hazırda SABAH qruplarında 935 bakalavr və 163 nəfər magistr pilləsi üzrə ümumilikdə 1098 tələbə təhsil alır. 100-dən artıq müəllim müxtəlif ixtisaslar üzrə müvafiq fənləri müasir metodlarla tədris edir.
Hazırda ADNSU-da 1100-dən çox xarici tələbə təhsil alır. Tələbələr 58 müxtəlif ölkəni təmsil edirlər.
ADNSU-da 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetdə tələbələrin auditoriya və laboratoriyalarda əldə etdikləri praktiki bilik və bacarıqları möhkəmləndirmək üçün tədris və istehsalat təcrübəsi keçmək imkanları da genişləndirilir. ADNSU-da təhsil alan tələbələr hər il tədris planına və tədris qrafikinə uyğun olaraq müxtəlif müəssisələrdə tədris və istehsalat təcrübələrində iştirak edirlər.
ADNSU-da 2 nəfər prezident təqaüdçüsü təhsil alır. Bununla yanaşı 15 bakalavr tələbəsinə Mövsüm bəy Xanlarov təqaüdü verilir. 47 magistr tələbəsi isə Eyyub Tağıyev təqaüdü alır.
Universitet 500-ə yaxın ölkənin aparıcı dövlət və özəl müəssisələrində istehsalat təcrübəsi keçirlər. Təcrübə bazalarına SOCAR və onun tabeliyində fəaliyyət göstərən qurumlar, Balaxanı Oil, Suraxanı Oil, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələri, AzerGold, SOCAR Upstream, SOCAR Polymer, SOCAR Downstream, UBOC, Baku Steel Company, AIMC, AZCON Holding və onun tabeli qurumları, Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları, Azercell, Norm, RAM Holding, Kapital Bank, Express Bank, Yelo Bank, Aztelekom, CBM Engineering, Developia, Abşeron Logistika, Milla Dairy, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azersun Holding, Veysəloğlu Şirkətlər Qrupu və digər müəssisələr daxildir.