Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dövlətimiz, Vətənimiz üçün ixtisaslı mühəndis kadrlar yetişdirir. Universitetdə gənclərin yüksək keyfiyyətli təhsil alması üçün hər bir şərait yaradılıb. Belə ki, burada müasir elmi və tədris laboratoriyaları, auditoriyalar, kompüter mərkəzləri var və tədris yüksək ixtisaslı professor-müəllim heyəti tərəfindən həyata keçirilir. ADNSU-da mütəxəssis hazırlığı ali təhsilin hər üç pilləsində - bakalavr, magistratura və doktorantura pilləsində həyata keçirilir. Hazırda universitetdə 7 fakültə üzrə 31 bakalavr proqramı mövcuddur və onların 9-u beynəlxalq akkreditasiyaya malikdir.
Universitetdə 62 ixtisaslaşmanı əhatə edən 30 magistr proqramı fəaliyyət göstərir və onların 6-sı beynəlxalq akkreditasiyaya malikdir. Bundan əlavə, ADNSU-nun iki nüfuzlu universitetlə - ADNSU-Starsburq Universiteti və ADNSU-Vorvik Universiteti ilə ikili diplom praqramları mövcuddur.
Hazırda universitet 700-dən çox dövlət və özəl müəssisə ilə əməkdaşlıq edir ki, bu da tələbələrin ixtisasları üzrə əsaslı təcrübə keçmələrində və işlə təmin olunmalarında öz müsbət nəticəsini göstərir. Aparılımış sorğuya əsasən, ADNSU məzularının məşğulluq göstəricisi 80%-dən çoxdur.
Son illər ADNSU beynəlxalq reytinqlərdə əhəmiyyətli dərəcədə irəliləyib. Belə ki, 2026-cı il üzrə reytinq sıralaması açıqlanıb. Nəticələrə əsasən, “QS Dünya Universitetləri Reytinqi 2026”-da ADNSU ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb.
“AD Scientific Index” tərəfindən açıqlanan 2026-cı il üzrə “World Scientist and University Rankings” nəticələrinə əsasən ADNSU Azərbaycanın ali təhsil müəssisələri arasında 2-ci yerə layiq görülüb.
ADNSU “QS Avropa Universitetləri Reytinqi 2026” nəticələrində də mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet son üç il ərzində 85 pilləirəliləyiş əldə edib. Son 1 il ərzində isə 45 pillə irəliləyərək 958 Avropa universiteti arasında 35,1 balla 349-cu yerdə qərarlaşıb. ADNSU eyni zamanda “QS Avropa: Qərbi Asiya” regional reytinqində də yüksəliş əldə edib. Belə ki, universitet son üç ildə 19-cu yerdən 16-cı yerə yüksəlib.
ADNSU nüfuzlu “GreenMetric World University Rankings 2025”-də əhəmiyyətli irəliləyiş əldə edib. Belə ki, ADNSU qlobal sıralamada 2024-cü illə müqayisədə 166 pillə yüksələrək 2025-ci ildə 6457.5 bal toplayaraq 788-ci sıradan 622-ci yerə yüksəlib.
Bu gün universitetin 15-dən çox ölkənin 40 universiteti ilə birbaşa tərəfdaşlıq əlaqələri mövcuddur. ADNSU-nun ali təhsil müəssisəsi olaraq qarşıya qoyulan əsas hədəflərindən biri yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaqla yanaşı, elmi-tədqiqat universiteti kimi formalaşmaqdır. Təkcə 2020-2025-ci tədris ilində universitetin professor-müəllim heyətinin dünya səviyyəli elmi bazalar olan “Scopus”-da 2337 və “Web of Science”-da 1111 elmi məqaləsi dərc olunub.
Hər il peşəkar geoloq, neft mühəndisi, kimyaçı, İT mütəxəssisi və daha onlarla sahədə milli iqtisadiyyat və sənayenin inkişafına töhfə verəcək minlərlə gənc ADNSU-nu seçir. Universitet tələbələrin etimadlarını doğrultmaq üçün qarşısına böyük hədəflər qoyub. Bu gün ADNSU öz fəaliyyətini daha da gücləndirərək zamanın tələblərinə uyğun, xalqımıza və bütün dünyaya fayda verəcək və iqtisadiyyatı gücləndirəcək səviyyədə ixtisaslı kadrlar yetişdirir, təhsil və tədris yüksək səviyyədə davam etdirilir.
Hazırda universitetdə 7 fakültə, 24 kafedra fəaliyyət göstərir. 31 bakalavr proqramı mövcuddur və onların 18-i beynəlxalq akkreditasiyaya malikdir. Universitetdə 62 ixtisaslaşmanı əhatə edən 30 magistr proqramı fəaliyyət göstərir. Hazırda universitetdə müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 15000-dək tələbə təhsil alır.