Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktoranturasına qəbul olmaq üçün sənəd vermiş və xarici dil imtahanını müvəffəqiyyətlə keçmiş iddiaçılar,
Sizi uğurlu imtahan nəticəsi ilə təbrik edirik.
UNEC, BMU, AzTU və AzMİU üzrə doktoranturaya qəbul üçün müraciət edən iddiaçılar üçün Fəlsəfə fənnindən imtahan 4 sentyabr 2025-ci il tarixində, saat 11:00-da, ADNSU-nun əsas korpusunda keçiriləcəkdir.
ADNSU-ya doktoranturaya qəbul üçün müraciət edən iddiaçılar üçün Fəlsəfə fənnindən imtahan 3 sentyabr 2025-ci il tarixində, saat 11:00-da, ADNSU-nun əsas korpusunda keçiriləcəkdir.
Əlavə suallar yarandıqda doktorantura şöbəsinə müraciət edə bilərsiniz: AZ. 1010, Bakı şəhəri, Azadlıq prospekti, 20, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, əsas korpus 2 mərtəbə.
Doktoranturaya qəbul üzrə “Fəlsəfə” fənn imtahanının təşkili qaydaları
1. Ümumi müddəalar
1.1. Bu qaydalar “Fəlsəfə” fənni üzrə doktorantura imtahanının keçirilməsi prosedurunu, iştirak şərtlərini, qiymətləndirmə və apellyasiya mexanizmlərini müəyyən edir.
1.2. Qaydalar Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına, o cümlədən “Doktoranturanın yaradılması və doktoranturaya qəbul Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AMEA-nın təsdiq etdiyi imtahan proqramlarına uyğun hazırlanmışdır.
2. İmtahanın təşkili və keçirilmə yeri
2.1. “Fəlsəfə” fənni üzrə imtahan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilir.
2.2. İmtahanın keçirilməsi 3-4 sentyabr 2025-ci il tarixlərində nəzərdə tutulur.
3. İmtahanın forması və müddəti
3.1. İmtahan bir mərhələdə və yazılı formada keçirilir.
3.2. İmtahan bileti götürüldükdən sonra iddiaçıya suallara hazırlaşmaq üçün 150 dəqiqə vaxt verilir. Hazırlıq zamanı qeydlərin aparılması üçün yalnız mavi rəngli kürəcikli qələmdən istifadə edilməsinə icazə verilir (digər rənglər qadağandır). Fənn proqramından və ya digər köməkçi materiallardan istifadə olunmasına icazə verilmir.
4. İmtahana buraxılış şərtləri
4.1. Namizədlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:
4.2. Tələb olunan sənədlər təqdim olunmadıqda namizəd imtahana buraxılmayacaq.
5. İmtahan zamanı qadağalar
5.1. Mobil telefon, planşet, qulaqcıq və digər elektron cihazların, habelə konspekt, kitab və digər köməkçi materialların istifadəsi qadağandır. Qaydaların pozulması halında namizəd imtahandan kənarlaşdırılır və nəticəsi “qeyri-məqbul” hesab edilir.
6. Qiymətləndirmə və nəticələrin elan edilməsi
6.1. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
6.2. Yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər ixtisas imtahanına buraxılırlar.
7. Apellyasiya qaydası
7.1. Nəticələrlə razılaşmayan namizədlər imtahan nəticələrinin elanından sonra 24 saat ərzində apellyasiya üçün yazılı müraciət edə bilərlər.
7.2. Müraciətlər imtahan komissiyasının sədrinə təqdim olunur və 3 iş günü ərzində baxılır.
8. Yekun müddəalar
8.1. Qaydalar imtahan prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi daşıyır.
8.2. Qaydalar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq tətbiq edilir.