×

Xəbərlər

Xəbərlər 23 Jul 2024
UFAZ-da “Demo Day” tədbiri keçirilib

 Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. 

Tədbirdə “Ignite” inkubasiya proqramını uğurla bitirən altı startap komandası (“Toyda”, “Artopia”, “Qutu”, “Cupzz”, “Youngh” və “Goalplus”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.

Startapçılar təqdimatlarını başa vurduqdan sonra jüri üzvlərinin suallarını cavablandırıblar. Jüri üzvləri təqdimatlar və sual-cavab əsasında startapları qiymətləndiriblər və iki qalib müəyyən edilib.

Tədbirin sonunda qalib startapların adları açıqlanıb. Birinci yerə “Goalplus”, ikinci yerə isə “Toyda” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

Tədbirdə həmçinin UFAZ məzunu Ömər Nuruzadə həmtəsisçisi və direktoru olduğu “Nexus Lab” startapı ilə keçdiyi yolu və uğur hekayəsini qonaqlar və iştirakçılar ilə paylaşıb.

Qeyd edək ki, “Ignite” inkubasiya proqramı Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən və ideya mərhələsindən minimum həyat qabiliyyətli məhsul mərhələsinə qədər yüksəlmək istəyən startaplar üçün nəzərdə tutulan üç aylıq bir proqramdır.


Paylaş