×

News

News 07 Mar 2017
ADNSU-nun rektoru Moskvada konfransda məruzə ilə çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Moskvada İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində keçirilmiş konfransda iştirak edib. Rektor M.Babanlı konfransda azərbaycanlı mütəxəssislərin Rusiyanın neft-qaz sahəsinə verdiyi töhfə haqqında məruzə ilə çıxış edib. “Neft kadrlarının yetişdirildiyi dünya miqyaslı mərkəz” adlı məruzəsində rektor, professor M.Babanlı konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Rektor M.Babanlı ADNSU-nun nümayəndəsi olaraq neft-qaz sənayesinin inkişafına təmsil etdiyi ali məktəbin məzunlarının böyük töhfə verməsindən qürur hissi keçirdiyini və burada təhsil almış hər bir kəsin milliyyətindən asılı olmayaraq azərbaycanlı hesab olunduğunu qeyd edib. Rektor M.Babanlı onların arasında milliyyətcə rus Nikolay Konstantinoviç Baybakov və Yuri Vasilyeviç Zaysev, bolqar Vasiliy Aleksandroviç Dinkov, yəhudi Viktor Yefimoviç Xain və Mark Aleksandroviç Dalin, ukraynalı Viktor Stepanoviç Qutırya, tatar Axmed Nürmuxamedoviç Mustafinov və digərlərinin adlarını qeyd edib. “Adları çəkilən insanların vəzifələrini və sahib olduqları adları bu auditoriyada çəkməyə ehtiyac yoxdur. Əgər bunun üzərinə istehsalat, elmi və ictimai fəaliyyətdə yüksək nailiyyətlər əldə etmiş və əvvəlki kimi hazırda da özlərini bakılı adlandıran yüzdən artıq xarici ölkədən olan məzunlarımızın da adlarını əlavə etsək, onda etiraf etməliyik ki, bizim universitet həqiqətən də neft kadrlarının yetişdirildiyi dünya miqyaslı mərkəzdir”, - deyə rektor, professor M.Babanlı vurğulayıb.

Həmin kadrların hazırlığına 1887-ci ildə Azərbaycanda ilk peşə məktəbi kimi fəaliyyətə başlamış, 1903-cü ildə isə orta texniki məktəb olmuş tədris ocağında başlandığını qeyd edən rektor M.Babanlı həmin illərdə Rusiya üzrə neft hasilatının 95%, dünya neft hasilatının isə 50%-nin Bakının payına düşdüyünü bildirib. Həmin peşə məktəbinin bazasında 1920-ci ildə neft və neft-kimya sənayesi üçün kadrlar hazırlayan ilk ali texniki təhsil müəssisəsinin yaradıldığını qeyd edən rektor M.Babanlı ali məktəbin keçdiyi yol və respublikada elmi-texniki fikrin inkişafına verdiyi töhfədən danışıb. Rektor M.Babanlı 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradıldıqda onun 15 həqiqi üzvündən demək olar ki, yarısının təmsil etdiyi ali məktəbin məzunu və yaxud elmi işçisi olduğunu, Sovet İttifaqı dövründə Lenin mükafatı almış 12 azərbaycanlıdan 10 nəfərinin məhz bu ali təhsil ocağında təhsil aldığını qeyd edib. O bir məruzə çərçivəsində hər şeyi və hamını əhatə etməyin mümkünsüzlüyünü qeyd edərək fəaliyyətini Rusiya ilə bağlamış azərbaycanlı neftçilərin adını çəkməyi özünə borc bildiyini söyləyib. Rektor M. Babanlı xüsusi olaraq Musa Əliyevin, Eyyub Tağıyevin, Sabit Orucovun, Azad Mirzəcanzadənin, Fərman Salmanovun adlarını qeyd edərək bu siyahının daha da genişləndirilməsinin mümkün olduğunu vurğulayıb.

Rektor M.Babanlı keçmiş SSRİ-nin neft təmayüllü ali məktəbləri arasında daim əməkdaşlıq və kadr mübadiləsinin olduğunu qeyd edərək azərbaycanlı alimlərin Rusiyada neft institutlarının təşkilində yaxından iştirak etdiklərini bildirib. Bu sahədə ali məktəblər arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən rektor M.Babanlı hazırda ADNSU-nun 4 nəfər III kurs tələbəsinin təhsilini Ufa Dövlət Neft-Texniki Universitetində, Uxta Dövlət Texniki Universitetinin II kurs tələbəsinin isə ADNSU-da biliklərə yiyələndiyini söyləyib. Rektor M.Babanlı azərbaycanlı tələbələrin və gənc alimlərin İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində mütəmadi olaraq təşkil olunan konfranslarda, rusiyalıların isə ənənəvi olaraq Azərbaycanda keçirilən konfranslarda iştirak etdiklərini bildirib. Rektor gələcəkdə də əməkdaşlıq üçün perspektivlərin bol olduğunu qeyd edərək əvvəllər olduğu kimi, elmi-pedaqoji kadrların birgə hazırlanmasının zəruriliyini vurğulayıb.

Rektor M.Babanlı ADNSU kollektivinin ənənələrə sadiq qalaraq dünya standartları səviyyəsində, bu sahənin tələblərindən irəli gələn vəzifələrin gerçəkləşdirilməsini layiqincə davam etdirdiyini, bunun sayəsində öz adlarını dünyanın neft-qaz sənayesinin inkişafı tarixinə həkk edəcək  hələ çoxlu azərbaycanlı mütəxəssislər yetişdirəcəyini vurğulayıb.

 


Share