Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni startap layihələrinin təqdimatı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Beynəlxalq ekspert İqor Peer (İsrail) həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ADNSU Startap və İnnovasiya Mərkəzi olan “eazi START” və Ukraynanın “Sikorski Çellenc” biznes inkubatorunun birgə həyata keçirdiyi “Camtouch” və “Open world” layihələrinin təqdimatı olub. “Camtouch” ağıllı lövhə sistemi kimi istifadəçilərə daha geniş imkanlar yaradır. Kompüterin ekranı istənilən səthə proyeksiya olunur və stilus vasitəsilə birbaşa həmin proyeksiya üzərində işləməyə imkan yaradır.
İkinci layihə isə görmə əngəlli insanların şəhər mühitində mobilliyinə imkan yaratmaqla onların cəmiyyətə inteqrasiyasına kömək edir. “Open world” layihəsini daha da inkişaf etdirib, ağıllı şəhər sisteminin bir hissəsi kimi turizm məqsədləri üçün istifadə edilməsi də mümkündür.
Tədbirdə çıxış edən Təhsil nazirinin müşaviri Fərhad Əmirbəyov və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov startap layihələrinin əhəmiyyətini diqqətə çatdırıblar. Qeyd edilib ki, bu cür layihələrin həyata keçirilməsi və ideyası olan gənclərin Startapa qoşulması sayəsində ADNSU innovasiyalar sayəsində yenidən inkişaf edir. Bildirilib ki, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edən Startap məktəbinin fəaliyyətini genişləndirmək prioritet məsələdir. Startap layihələri ilə bağlı universitetdə qrantlar ayrıldığı nəzərə çatdırlıb. Startap məktəbində yayda müsabiqə keçiriləcəyi və seçiləcək ən yaxşı layihələrə sərmayə qoyulmaqla biznes inkubasiyasının inkişaf etdiriləcəyi qeyd edilib.
Tədbirin sonunda çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı bu sahədə universitetin müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini və bir çox ideyaların olduğunu qeyd edib. O bildirib ki, hazırda universitetdə müxtəlif cür startap layihələri mövcuddur. Rektor bu ideyaları daha da inkişaf etdirməyin və Azərbaycan brendi yaratmaqla istehsala başlamağın vacibliyini vurğulayıb.
“Startap layihələri ilə bağlı bizim bir sıra ölkələrlə tərəfdaşlığımız var. Startap ADNSU-da bir neçə istiqamətdə həyata keçirilir. Biz elə bir məhsul yaratmaq istəyirik ki, onun üstünlüyü olsun və bu məhsulları Azərbaycan brendi altında yaradıb, daha da inkişaf etdirilməsinə çalışırıq. Əsas məqsədimiz yüksək texnologiyalarla tədris verməkdir”-deyə rektor M.Babanlı bildirib.