Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kurs tələbələrinin iştirakı ilə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının tələbələr üçün əhəmiyyətindən və gənclərə yaratdığı imkanlardan danışıb.
Daha sonra “Bir” Tələbə-Könüllü Proqramı haqqında tələbələrə geniş məlumat verilib və proqram çərçivəsində altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında videoçarx nümayiş olunub.
Sonda tələbələr üçün viktorina keçirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.