Oktyabrın 20-də Azərkosmos, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə 18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhələsi baş tutub.
25 komanda ümumilikdə isə 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb.
UFAZ-ın Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Almaz Ömərov (komandanın lideri), Geofizika mühəndisliyi ixtisasının III kurs tələbəsi Turqay Qardaşlı, Kompüter elmləri ixtisasının III kurs tələbəsi Ağateymur Həsənzadə və 1-ci kurs tələbəsi İmran Cəbrayılovdan ibarət ICARUS komandası, 25 komanda arasında “NASA Space Apps Azerbaijan” 2019 hackathonun qalibi və 10.000 AZN məbləğində mükafatın sahibi olub! 2019 hackathonun qalibi və 10.000 AZN məbləğində mükafatın sahibi olub!
Komandanın lideri Almaz Ömərov: "Bizə təklif olunan müxtəlif tapşırıqlar arasından “Spot The Fire"-ı seçdik. Bizim ideyamız heyvan davranışlarını izləyən datalardan istifadə edərək təbiət yanğınlarnı aşkar etmək idi. Yaxınlıqda yanğın olduğu zaman heyvanların fərqli davrandıqlarını bilirik. Araşdırmalarımıza əsasən heyvanların yanğın zamanı daimi davranış nümunələri nümayiş etdirdiklərini müəyyən etdik. Hazırda 100 mindən çox heyvan xüsusi cihazlar ilə izlənilir. Alimlərin əksəriyyəti məlumatlarını gizli saxladıqları üçün data əldə etmətdə həqiqətən çətinlik çəkdik. Beləliklə, hakatonda keçirdiyimiz 48 saat ərzində tapşırıqlara yalnız 3 data əldə edə bildik. Sonda geniş məlumat təhlili etdik və hər dəfə bir az dəyişiklik edərək alqoritmimizi yenidən təkrarlamalı olduq. Biz UFAZ və onun tələbələrini təmsil etdiyimiz üçün qazandığımız bu uğurdan məmnunluq və qürur hissi duyuruq!”
Tələbələrimizi qazandıqları uğurlar münasibətilə təbrik edir və daha böyük müvəffəqiyyətlər arzu edirik!