×

Xəbərlər

Xəbərlər 24 Oct 2019
ADNSU-nun tələbələri “İ2B – İdeyadan Biznesə” layihəsinin qalibi olublar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçirilib. “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində  Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Bakı və region finalçıları arasından 2019-cu il üzrə qaliblər müəyyən edilib.

Bakı, Sumqayıt, Şamaxı, Şəki, Zaqatala, Tovuz, Göyçay, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad və Naxçıvanda təşkil olunmuş startap turlarında 17 komanda yarımfinala keçib. Sonuncu seçim mərhələsində uğur qazanan 10 komanda – “Heal With” (Bakı), “Health bag” (Göyçay), “PayPort” (Naxçıvan), “Palliativ Plus” (Bakı), “Buqələmun” (Bakı), “OSHE-01” (Şirvan), “Peşəkar” (Naxçıvan), “Nano Desal” (Bakı), “Biobone” (Gəncə), “Agroshare” (Bakı)  isə “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında mübarizə aparıb.

Finalda layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim edilib. Adları çəkilən 10 komanda ardıcıllıq üzrə müəyyən olunmuş vaxt ərzində layihələrini təqdim edib və onlara ünvanlanan sualları cavablandırıb.

Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətinprototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndirilib.

Beləliklə, “İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibi “Heal With” komandası olub. Komandanın üzvləri ADNSU-nun tələbələri Leyla Talıbzadə, Ləman Həsənli, Eldar Cahangirbəyov, Fərid Cəfərli, Xeybər Məmmədnağıyev və ADNSU-nun müəllimi Elviz İsmayılovdur. Qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin  Quluzadə mükafatlandırıb.

Qeyd edək ki, təşkilatçılar və tərəfdaşlar ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Qaliblər 3-6 dekabr tarixlərində təşkil ediləcək  25-ci “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında öz layihələrini təqdim etmək imkanı da qazanıblar.


Paylaş