Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun tələbələrlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçılara ADNSU-nun rektoru, professor Mustafa Babanlının salamını çatdırdıqdan sonra Avro 2020-nin ölkəmizdə keçirilən oyunlarının əhəmiyyətindən danışıb və tələbələri könüllülük proqramında aktiv iştirak etməyə çağırıb.
Sonra “Avro 2020 Könüllülər proqramı”nın meneceri Yusif Vəliyev Avropa çempionatının tarixi, maraqlı faktları, Könüllülər proqramı və eləcə də “AVRO-2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimatla çıxış edib.
Daha sonra “AVRO-2020 Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov proqramda gənclərin faliyyətindən danışıb və tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.