×

Xəbərlər

Xəbərlər 25 Oct 2019
ADNSU ilə Milli Nüvə Tədqiqatları Mərkəzi QSC arasında anlaşma memorandumu imzalanıb

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri, akademik Adil Qəribovla görüşüb.

Görüşdə ADNSU-nun rektoru Mustafa Babanlı, Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri, akademik Adil Qəribov, ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Elm və texnika üzrə prorektoru, professor Rauf Əliyarov və digər qonaqlar iştirak ediblər.

Görüş zamanı rektor Mustafa Babanlı universitet haqqında geniş məlumat verərək bildirib ki, hazırda tədris və təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı çoxsaylı proqramlar, yeni-yeni layihələr icra olunur və artıq nəticələr də ürkaçandır. O, əlavə edib ki, universitetdə ingilis dilində tədrisin aparlması istiqamətində 4 il bundan öncə atılan ilk addımlar indi öz bəhrəsini verir. Universitetdə 24 ixtisas üzrə Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təhsil verilir.

Akademik Adil Qəribov ADNSU-nun zəngin elmi bazasının olduğunu, bu universitetin məzunlarının hər zaman yüksək bilik və bacarıqları ilə fərqləndiyini diqqətə çatdırıb. Bildirib ki, son illər burada aparılan təhsil islahatları isə hər kəsin ürəyincədir və universitetdə yüksəkixtisaslı kadrlar yetişdirilməsi üçün bu gün geniş imkanlar yaradılıb. O, Azİİ-nin təhsil ictimaiyyəti ilə bərabər, cəmiyyət tərəfindən nümunəvi texniki ali təhsil ocağı kimi qəbul edildiyini və öz şöhrətini qaytardığını vurğulayıb.

Görüşün sonunda tərəflər arasında anlaşma memorandumu imzalanıb.


Paylaş