Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, Elmi Şura bu gün 4 məsələni müzakirə edəcək və hər bir məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından kifayət qədər aktualdır. Sonra professor Mustafa Babanlı 2018-2019-cu tədris ilinə olan akademik yükün yerinə yetirilməsi və 2019-2020-ci tədris ilində professor-müəllim və tədris köməkçi heyətin ştatı barədə məlumat verməsi üçün sözü universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədova verib. Dosent Q.Məmmədov universitetdə 27 kafedranın hər biri üzrə akademik yüklərin yerinə yetirilməsi, akademik saatlar, universitetin professor-müəllim heyətinin ştatları haqqında məruzə ilə çıxış edib. Mövcud göstəriciləri ötən tədris ilindəki hesabat göstəricilərilə müqayisə edərək real nəticələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlının sədrliyi ilə keçirilən iclasda rektor tədris prosesində olan müsbət və mənfi cəhətlərdən, müəllim və tələbələrin dərsə münasibətindən söz açaraq müəllimləri daha məsuliyyətli olmağa səsləyib. Sonra gündəlikdə olan müxtəlif məsələlər ardıcıl olaraq Şura üzvlərinin müzakirəsinə çıxarıb. Kvalifikasiya məsələləri, 2020-2021-ci tədris ilində bütün ixtisaslar üzrə yeni tədris proqramının hazırlanmasının vəziyyəti, cari tədris ilində ingilis dilində tədrisin təşkilində mövcud problemlər və onların aradan qaldırılması, web-distant auditoriyalardan istifadə etməklə mühazirə, məşğələ və laboratoriya dərslərinin keçirilməsi və gündəlikdə olan digər məsələlər ardıcıl olaraq müzakirə olunub. Professor Mustafa Babanlı bakalavr, magistr və doktorantura təhsil səviyyələrində dərslərin yüksək səviyyədə keçirilməsi ilə bağlı məsələlərin vacib olduğunu vurğulayıb və Şura üzvlərini bu məsələlərin müzakirəsində son dərəcə diqqətli olmağa dəvət edib. Müzakirəyə çıxarılan məsələlər səsverməyə qoyularaq şüra üzvləri tərəfindən qəbul edilib.
İclasda həmçinin, Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev illik hesabat məruzəsi ilə çıxış edib. O, fakültənin tərkibində olan ixtisaslara tələbə qəbulu, orta bal göstəriciləri, plan üzrə yerlər, fakültə tərkibində tədris və təhsil göstəriciləri haqqında məlumat verib. Web-distant auditoriyalarda dərsin təşkili və müəsisələrlə distant əlaqələrin yaradılması haqqında danışıb. Rektor Mustafa Babanlı hesabatla bağlı irad və təkliflərini bildirdikdən sonra görüləcək digər işlərlə bağlı qərarların Şuranın növbəti iclaslarında müzakirə olunacağını bildirib.