Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Neft və qaz quyularının təmirinin texnika və texnologiyası” kitabının təqdimatı keçirilib.
Təqdimatda ADNSU-nun Elmi işlər üzrə prorektor Rauf Əliyarov, Azneft İstehsalat Birliyinin quyuların əsaslı və cari təmiri üzrə istehsalat şöbəsinin böyük mühəndisi Yusif İbrahimov, Qaz-Neft Mədən Fakültəsinin (QNMF) dekanı, professor Qafar İsmayılov, həmçinin Neft –Mexanika Fakültəsinin (NMF) professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan AZİİ e -Kitab evinin direktoru Səlahət Mahmudova “Neft və qaz quyularının təmirinin texnika və texnologiyası” kitabı haqqında iştirakçılara məlumat verib.
Müəllif Yusif İbrahimov çıxışında neft və qaz quyularının təmirinə həsr edilmiş bu kitabda quyular,ənənəvi yerüstü və yeraltı quyu avadanlıqları, təmir avadanlıqları, həmçinin quyuların təmirinin texnika və texnologiyası, quyuların sementlənməsi və bu kimi digər məsələlərin kitabda öz əksini tapdığını vurğulayıb. Qeyd edilib ki, kitabdan neft qaz sənayesində çalışan mühəndis-texniki işçilər və tələbələr istifadə edə bilərlər.
Daha sonra kitab ətrafında müzakirələr aparılıb. Azneft istehsalat birliyinin texniki şöbəsinin rəisi Babayev Rəfael, birliyin digər texniki xidmət rəisi Füzuli İsmayılov, QNMF-nin dekanı, professor Qafar İsmayılov, NMF-nin kafedra müdiri Rasim İsmayılov və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.