Noyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, Elmi Şura bu gün 4 məsələni müzakirə edəcək və hər bir məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetdə elmi fəaliyyətin inkişafı baxımından kifayət qədər aktualdır.
Gündəliyə uyğun olaraq ADNSU-nun Doktorantura şöbəsinin müdiri, professor Lətafət Qardaşova doktorantura təhsil pilləsinin vəziyyəti barədə məruzə ilə çıxış edib. O, universitetdə ayrı-ayrı fakültələr üzrə müxtəlif dərəcəli elmi işçilərin sayı və elmi fəaliyyəti, kadr hazırlırğı, həmçinin ADNSU-nun alimlərinin beynəlxalq elmi bazalara düşən məqalələri haqqında məlumat verib. Məruzə ilə bağlı təkliflər şura üzvləri tərəfindən müzakirə olunaraq qəbul olunub.
İclasda Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov 2018-2019-cu tədris ilinin nəticələri, fakültənin ixtisasları üzrə keyfiyyət göstəriciləri haqqında hesabat verib. Sonra ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli web-distant auditoriyalar, tədrisdə yeni tətbiq olunmuş müasir texniki vasitələrin vəziyyəti və bu istiqamətdə görülən işlər haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 2019-cu ildə 127 auditoriya web-distant auditoriya formasına gətirilib. Onlardan 62-i əsas, 65-i isə ikinci tədris binasında yerləşən auditoriyalardır. E.Səfərli web-distant auditoriyalarda quraşdırılan və 72 adda ayrı-ayrı hissədən yığılan müəllim masasının texniki imkanlarından danışıb, auditoriyada unibookdan istifadə qaydalarından və bu istiqamətdə mövcud çatışmazlıqların aradan qaldırılması və yeniliklər haqqında iclas iştirakçılarına məlumat verib. İclas zamanı “Xarici dillər-1” kafedrasının müdiri, dosent Fəridə Hüseynova İngilis dilində tədrisin təşkilinin vəziyyəti barədə komissiyanının hesabatı barədə məlumat verib.
Daha sonra professor Mustafa Babanlı dissertasiya şuralarının fəaliyyəti, 3 yeni müdafiə şurasının yaradılması və gündəlikdə olan digər vacib məsələləri Şura üzvlərinin müzakirəsinə çıxarıb. Rektor Mustafa Babanlı müzakirəyə çıxarılan məsələlərin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.