×

Xəbərlər

Xəbərlər 04 Dec 2019
ADNSU ilə AMEA-nın Geologiya və Geofizika İnstitutu arasında memorandum imzalanıb

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı geologiya elminin inkişafının vacibliyini qeyd edərək ADNSU-da bu istiqamətdə görülən işlərdən danışıb. Geologiya və geofizikanın inkişafı üçün universitetdə hər bir şəraitin olduğunu qeyd edən rektor M.Babanlı hazırda bu ixtisas üzrə universitetdə bakalavr, magistr və doktarantura səviyyəsində mütəxəssislərin hazırlandığını bildirib. Onun fikrincə, Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq bu elmin daha sürətli inkişafına təkan verəcək.  Rektor M.Babanlı söhbət zamanı ADNSU-da tədris və təhsilin keyfiyyətinin müasir tələblərə uyğun aparılmasından söz açıb, web-distant auditoriyalar, AZİİ e-Kitab Evi haqqında məlumat verib.

Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə ADNSU-da son illər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin hər kəs tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. O bildirib ki, hər bir elmi istiqamət üzrə, o cümlədən geologiya elminin inkişafında da ali tədris müəssisələri ilə elmi institutlar paralel çalışmalıdır. Akademikin fikrincə, bu zaman nəticə əldə olunması daha tez baş verər. Akademik Akif Əlizadə bu baxımdan ADNSU ilə Geologiya və Geofizika İnstitutu arasında əməkdaşlığın geologiya elminin inkişafına xüsusi töhfə verəcəyini qaçılmaz hesab edib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sonra qonaqlar AZİİ e-Kitab Evində yaradılmış şəraitlə yaxından tanış olublar.


Paylaş