Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq mikrofon” keçirilib.
ADNSU-nun rektoru professor Mustafa Babanlı ilk olaraq bu günlərdə 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin (BDU) yaranma tarixindən, Azərbaycanda ixtisaslı kadrların yetişdirilməsi sahəsindəki xidmətlərindən söz açıb. Xatırladıb ki, Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyindəki çıxışında gənclərə xüsusi mesaj verdi və bilikli, ixtisaslı və milli ruhda böyüyən gənclərə hər zaman ehtiyac duyulduğunu bildirdi, ölkənin gələcəyinin onlara bağlı olduğunu vurğuladı.
Sonra rektor Mustafa Babanlı ADNSU-da tədris və təhsilin keyfiyyətinə toxunaraq bildirib ki, qış imtahan sessiyasına hazırlıq qənaətbəxşdir. Tələbələr sessiya müddətində proqramı kifayət qədər mənimsəyiblər və ona görə də imtahan nəticələrinin müsbət olacağı qaçılmazdır. Amma bu, tələbələrdə arxayınlıq yaratmamalıdır.
Çıxış zamanı universitetin əsas məqsədinin tələbələrə bilik vermək olduğunu vurğulayan rektor M.Babanlı onları imtahan qaydaları ilə bir daha tanış edib, dəyişiklik və əlavələr haqqında məlumat verib. İmtahanlarla bağlı appelyasiya prosesinin tam elektronlaşacağını deyib.
Rektor M.Babanlı ikili diplom məsələsindən də söz açıb. Bildirib ki, artıq 3 xarici universitetlə bu istiqamətdə müqavilə bağlanıb, digər 3 universitetlə də danışıqlar yekunlaşmaq üzrədir. Rektor əlavə edib ki, biz iki məsələni də xüsusi diqqətdə saxlamalıyıq: İngilis dilində tədrisin səviyyəsini yüksəltmək və tələbələrə fənn seçimi imkanı yaratmaq. Yəni tələbələr məcburi fənlərdən başqa bir neçə fənni də öz istəyi ilə seçə biləcəklər.
Sonra ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2019-2020-ci tədris ilinin yaz semestrindən başlayaraq tədris cədvəlinin yenilənməsi barədə məruzə ilə çıxış edib.
Universitetdə yeni tədris kursu, tələbə kartlarının istifadəyə veriləcəyi və digər vacib məsələlərin müzakirəsindən sonra rektor Mustafa Babanlı ənənəvi olaraq, tələbələrin suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.