×

Xəbərlər

Xəbərlər 16 Dec 2019
ADNSU-da Tələbələrin 68-ci Elmi-texniki konfransı yekunlaşıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Saleh Balay oğlu Qocayevin anadan olmasının 120 illiyinə həsr olunmuş Tələbələrin 68-ci Elmi-texniki konfransı başa çatıb.

Bağlanış mərasimində çıxış edən universitetin rektoru, professor Mustafa Babanlı konfransın əsas məqsədindən danışıb və yekun ilə bağlı təəssüratlarını bölüşüb, həmçinin konfransın gedişində müşahidə etdiyi çatışmazlıqlar və müsbət məqamlarla bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. 4 bölmə üzrə bir neçə mühazirədə iştirak etdiyini deyən rektor M.Babanlı daha yüksək nəticələr üçün daha yaxşı hazırlıq işlərinin görülməsinin əhəmiyətinə toxunaraq növbəti ildən konfransın strukturunda müəyyən dəyişikliklər edilməsinin zəruri olduğunu qeyd edib.

Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib. Qeyd edilib ki, ümumilikdə nəzərdə tutulmuş 406 tezisdən 300-ü birinci mərhələni keçib.

Konfransın sonunda bakalavr və magistratura üzrə qalib gələn tələbələr mükafatlandırılıblar və yekunda 65 nəfərə diplom verilib. Onlardan 16 nəfər I, 21 nəfər II, 16 nəfər III və 12 nəfər həvəsləndirici yerləri qazanıb.

Birinci yerə layiq görülmüş Qaz Neft mədən fakültəsinin tələbəsi Əlizadə Elnur çıxış edərək konfrans haqqında təəssüratlarını bildirib. O, belə bir elmi konfransda ilk dəfə iştirak etdiyini deyib və gənclərin biliyinin artırılmasında bu cür konfransların yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Paylaş