×

Xəbərlər

Xəbərlər 20 Aug 2025
ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada ICAFS 2025 beynəlxalq konfransı baş tutacaq

25-26 avqust 2025-ci il tarixlərində Rumıniyanın Yassı şəhərində süni intellekt və qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində dünyanın aparıcı alimlərini bir araya gətirəcək “Qeyri-səlis məntiq, soft kompütinq və süni intellektin nəzəriyyəsi və tətbiqi üzrə 17-ci beynəlxalq konfrans” (ICAFS 2025) keçiriləcək. Konfrans dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin xatirəsinə həsr olunacaq.

Konfransın əsas təşkilatçılarından biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tədbirdə 47 məruzə ilə təmsil olunacaq. Tədbir “Lütfi Zadə irsi və süni intellekt” assosiasiyası, Aleksandr İohan Kuzi adına Yassı Universiteti (Rumıniya), Zigen Universiteti (Almaniya), soft kompütinq üzrə Berkli təşəbbüs qrupu (BISC) və digər nüfuzlu elmi və ali təhsil müəssisələri ilə birgə təşkil olunur.

Konfransın sədri ADNSU-nun BA proqramlarının direktoru, professor Rafiq Əliyevdir. Universitetin rektoru, dosent Rüfət Əzizov isə proqram çərçivəsində elmi çıxışla iştirak edəcək. ADNSU-nun digər nümayəndələri professor Lətafət Qardaşova, dosent Vazeh Əskərov, doktorant Şamil Əhmədov, t.ü.f.d. Nigar Adilova, dosent Fəridə Hüseynova, t.ü.f.d Əziz Nuriyev və başqaları müxtəlif sessiyalarda təqdimatlarla çıxış edəcəklər.

Konfransda süni intellektin mühəndislik, dilçilik, sosial elmlər, iqtisadiyyat və digər sahələrdə tətbiqləri müzakirə olunacaq. Mövzular arasında Z-ədədli yanaşmalar, qeyri-səlis məntiq, linqvistik qeyri-müəyyənlik, süni neyron şəbəkələri və qərar qəbuletmə modelləri ön plandadır.

Konfransa ümumilikdə 9 ali təhsil müəssisəsindən məqalələr təqdim edilib. Bundan əlavə, dünyanın bir çox ölkəsindən 100-ə yaxın elmi məqalə daxil olub. Qəbul olunmuş elmi işlər nüfuzlu Springer nəşriyyatının “Lecture Notes in Networks and Systems” seriyasında dərc olunacaq və SCOPUS beynəlxalq elmi bazasında indeksləşdiriləcək.

Qeyd edək ki, sözügedən konfrans ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan etibarən hər iki ildən bir təşkil olunur. İndiyədək konfrans Almaniya, İtaliya, İspaniya, Fransa, Polşa, Monteneqro, Türkiyə və digər ölkələrdə keçirilib. ICAFS 2025 bu silsilənin 17-ci konfransıdır və qeyri-səlis məntiq, yumşaq hesablama və süni intellekt sahəsində beynəlxalq elmi əməkdaşlıq üçün vacib platformadır. Tədbirin rəsmi saytı: https://icafs2025.az


Paylaş