×

Xəbərlər

Xəbərlər 19 Aug 2025
ADNSU tələbəsinin tədqiqat işi beynəlxalq elmi proqramda 120-dən artıq təqdimat arasında ən yaxşı seçilib

Çin Xalq Respublikasında Fudan Universiteti, Çjetszyan Universiteti, Çin Elm və Texnologiya Universiteti və Nankin Universitetinin təşkilatçılığı ilə “Gənc alimlər üçün qlobal tədqiqata inteqrasiya proqramı” (GRIPS) həyata keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Fiziki kimya/Kimya mühəndisliyi” ixtisası üzrə II kurs magistr tələbəsi Aslan Hüseynli bu proqramda iştirak edərək öz tədqiqat işini təqdim edib.

Aslan Hüseynlinin “Davamlı enerji istehsalı üçün üzvi termoelektrik materiallar” mövzusundakı elmi posteri 120-dən artıq təqdimat arasında ən yaxşı iş seçilib və proqramın elmi komitəsi tərəfindən xüsusi fərqlənmə mükafatına layiq görülüb.

Qeyd edək ki, “GRIPS” gənc tədqiqatçıların qlobal elmi şəbəkəyə inteqrasiyasını və onların multidissiplinar tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlmiş nüfuzlu elmi platformadır. Proqram çərçivəsində yüzlərlə tədqiqat işi və poster təqdimatları qiymətləndirilir, ən uğurlu işlər isə xüsusi mükafat və təqdimat imkanı qazanır.


Paylaş