Dekabrın 19-da Microsoft Azərbaycan şirkətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllim və inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda seminar keçirilib.
Seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Elm və texnika üzrə işləri üzrə prorektor, professor Rauf Əliyarov, UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov, həmçinin universitetin digər şöbə və bölmələrinin rəhbərləri iştirak edib.
Microsoft şirkətinin Təhsil həlləri üzrə mütəxəssisi Oliver Zofic sürətlə inkişaf edən dünyada texnologiyanın üstünlüklərindən istifadə edərək yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib. O, Microsoftun Azərbaycan üzrə Milli Planının əsas tərkib hissəsi olan təhsildə rəqəmsal transformasiya, Microsoftun mövcud bulud sistemləri, həmçinin ali təhsil imkanları və onların həlləri haqqında geniş təqdimatla çıxış edib.
Rektor Mustafa Babanlı ADNSU-nun rəqəmsal transformasiya təcrübəsi və layihə ilə bağlı fikirlərini bildirib.
Daha sonra şirkətin təhsil proqramı üzrə koordinatoru Emin Axundov seminarın əsas alətləri haqqında danışıb və bu istiqamətdə ADNSU-nun digər universitetlərlə müqayisədə daha təcrübəli olduğunu qeyd edərək universitetlə mövcud əməkdaşlığı daha da genişləndirmək istədiklərini bildirib.
Qeyd edək ki, tədbirin məqsədi əmək bazarının tələblərinə uyğun ali təhsildə yanaşmaları və alətləri nümayiş etdirmək və universitetlərə çatdırmaqdır.