Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2019-2020-ci tədris ilinin semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məruzə ilə çıxış edib. Qeyd edib ki, imtahanların mütəşəkkil və obyektiv şəkildə təşkili, yaranan problemlərin dərhal həll olunması ilə bağlı qərargah yaradılıb. Həmçinin, bu istiqamətdə məsul şəxs təyin olunub və “qaynar xətt” fəaliyyət göstərir. Şura üzvləri məruzəni dinlədikdən sonra rektor Mustafa Babanlı imtahan prosesi ilə bağlı tapşırıqlar verib və tələbələrin biliyinin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Gündəlikdə duran məsələlərə uyğun olaraq Elmi Şurada Əcnəbi tələbələrlə iş üzrə dekan, dosent Yaşar Həsənov Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti, onların dərsə davmiyyəti barədə məlumat verib. İclasda həmçinin, Neft-mexanika fakültəsinin dekan müavini, dosent İlman Həsənov illik hesabat verib.
Sonra “Azərbaycan Respublikasının aparıcı unversitetlərinin qlobal rəqabət qabliyyətinin aparılması: problemlər və perspektivlər” mövzusunda rektor M.Babanlının müşaviri, dosent Ziya Əliyevin geniş məruzəsi dinlənilib. Məruzədə dünya reytinq bazasına düşən universitetlər, bunun üçün tələb olunan meyarlar təhlil olunub, mövzu ilə bağlı Şura üzvləri arasında fikir mübadiləsi aparılıb. Həmçinin, bu məslələrlə bağlı Analitik Araşdırma Mərkəzinin yaradılması və həmin mərkəzə dosent Ziya Əliyevin rəhbər təyin olunması təklifi səsləndirilib və Şura üzvlərinin səsverməsi ilə yekdilliklə qəbul olunub. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərov “Fransa və Azərbaycan ali təhsil sistemi arasında qiymətlərin uyğunlaşdırlma cədvəli”nin optimallaşdırılması və mövcud vəziyyət haqqında məlumat verib.
Rektor Mustafa Babanlı müzakirə olunan hər bir məsələ haqqında irad və təkliflərini bildirərək tələbələrə təhsillə yanaşı, nizam-intizam qaydalarının da öyrədilməsinin müəllimlərin işi olduğunu diqqətə çatdırıb. Daha sonra O, ADNSU-nun 100 illik yübileyinə həsr olunmuş tədbirlər planı ilə bağlı görüləcək işlərlə bağlı hər kəsin üzərinə ciddi məsuliyyət düşdüyünü qeyd edib. Şura üzvlərini, eyni zamanda universitetin tələbə və müəllim heyətini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək hər kəsə uğurlar arzu edib.