Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mono və multifazalı axınlarının xüsusiyyətlərinin modelləşdirilməsi əsasında boru kəmərlərinin istismar səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlının da iştirak etdiyi seminar professor Araz Əliyevin moderatorluğu ilə keçirilib. Seminarda universitetin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının və Qaz-neft mədən fakültəsinin 8 nəfərlik qurupdan ibarət professor, müəllim və assistent heyətinin neftin və qazın əldə olunması, nəqli və bu zaman yaranan problemlərin həlli ilə bağlı apardıqları elmi layihə məruzalarla seminar iştirakçılarına təqdim olunub və mövzu ilə bağlı geniş müzakirə aparalıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Əliyev, Qaz-neft mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, dosent Xalnlar Həmzəyevin geniş çıxış etdiyi seminarda mövzu üzrə konkret əldə olunmuş elmi nəticələr və onların neft-qaz sənayesinə tətbiqi təhlil olunub, əldə olunan nəticələr təqdim olunub. Məruzələr zamanı iştirakçıların sualları cavablandırılıb.
Sonda professor Mustafa Babanlı çıxışında təqdim olunan layihələri yüksək dəyərləndirib. Bildirib ki, universitetin elmi işlərinə, bu istiqmətdə qazandığı uğurlara diqqət və dəstək artıb. Bu layihələrin hər birinin nəticələri aidiyyəti üzrə tətbiq olunmalıdır və davamı olmalıdır. Universitet layihələri kimi sənayenin digər sahələri üzrə də fundamental layihələr irəli sürülməlidir. O, eyni zamanda vurğulayıb ki, belə layihələrin hazırlanması zamanı gənc tədqiqatçılar, alimlər xüsusi fəallıq nümayiş etdirməli, təşəbbüskar olmalıdırlar.