Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının online formatda iclası keçirilib. İclasda Elmi Şuranın 44 üzvü iştirak edib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlikdə duran birinci məsələ - qlobal koronavirus pandemiyası ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini qeyd edən rektor M.Babanlı ölkə rəhbərliyi və dövlət srukturlarının bütün lazımi tədbirləri gördüyünü və cəmiyyətin də virusa yoluxma hallarının qarşısının alınması üçün elan edilmiş karantin rejiminə əməl etməsinin vacibliyini vurğulayıb. Karantin rejimi ilə əlaqədar vətəndaşların və ölkə iqtisadiyyatının, o cümlədən sahibkarların zərər çəkməməsi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən sosial paketin ayrıldığını söyləyən rektor M.Babanlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını, yüzlərlə dövlət və qeyri-dövlət təşkilatının, adi vətəndaşların həmin Fonda ianə köçürdüyünü, ADNSU-nun da bu prosesdən kənarda qalmadığını qeyd edib. O, istər hüquqi şəxslərin, istərsə də vətəndaşların böyük həvəslə Fonda vəsait köçürməsini Azərbaycan cəmiyyətindəki sosial həmrəyliyin nümunəsi olduğunu bildirib. Elmi Şuranın iclasında karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət edilməsinin vacibliyi qeyd olunub.
Rektor M.Babanlı artıq ADNSU-da martın 29-dan etibarən onlayn formatda tədrisin başlandığını qeyd edərək tələbələr arasında karantin rejiminin tələblərinə əməl edilməsinin zəruriliyi ilə bağlı maarifləndirmə işinin aparılmasına dair tövsiyələrini verib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetin UNİBOOK E-təhsil sistemi əsasında ONLİNE dərslərin geniş tətbiq edilməsinin əhəmiyyətini vurğulayan rektor M.Babanlı qarşıya çıxa biləcək texniki və s. problemlərin operativ şəkildə həll edilməsi üçün universitetdə “qaynar xətt”in fəaliyyətə başladığını sözlərinə əlavə edib. Sonra Elmi Şura iştirakçıları iclasın gündəliyində 5-ci bənd olaraq qeyd olunmuş müxtəlif məsələləri müzakirə ediblər. Elmi Şura univeritetin IV kurs tələbələrinin istehsalat təcrübəsi keçməsinin ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi və respublikada başladılan #evdəqal kampaniyası ilə əlaqədar qeyri-müəyyən müddətədək dayandırılmasını qərara alıb. Bundan əlavə, ADNSU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Xəlilov Adilxan Xəlil oğlunun səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən azad edildiyi və universitetin İstismar və təmir şöbəsinin müdiri Əhmədov Elbrus Calal oğlunun, 3 ay müddətinə ADNSU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunduğu barədə Elmi Şura üzvlərinə məlumat verilib.
Sonra rektor M.Babanlı fransada təcrübə keçən Azərbaycan Fransız Universitetinin tələbələrinin vəziyyəti ilə maraqlanıb. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov UFAZ-da tədrisin martın 23-dən etibarən onlayn qaydada aparıldığını, hazırda Fransada təcrübədə olan və Erazmus+ proqramı çərçivəsində təhsil alan UFAZ tələbələrinin də dərslərə onlayn formatda davam etdiyini qeyd edərək onlarla mütəmadi olaraq əlaqə saxlandığını və hər şeyin yolunda olduğunu bildirib. İclasın sonunda rektor M.Babanlı bir daha Elmi Şura üzvlərini sosial həmrəylik prinsiplərinə və karantin rejiminin tələbələrinə əməl etməyə səsləyib.