Azərbaycan Respublikasında xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır. Bununla belə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.