×

Xəbərlər

Xəbərlər 29 Apr 2020
ADNSU-nun Elmi Şurasının onlayn iclası keçirilib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Univeritetinin Elmi Şurasının onlayn formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şura üzvlərini salamlayaraq iclasın gündəliyi haqqında məlumat verib. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər haqqında qısa məlumat verən rektor M.Babanlı vaxtında və doğru atılmış addımların sayəsində ölkəmizdə infeksiyaya yoluxma hallarının təhlükəli həddə çatmadığını, sağalanların statisitikasının yoluxanların sayını ötdüyünü qeyd edib. Bu tendensiyanın davam etməsinin aprelin 27-dən etibarən karantin rejiminin yumşaldılmasına imkan yaratdığını qeyd edən rektor M.Babanlı Azərbaycan dövləti və xalqının birliyi sayəsində ölkəmizin tezliklə koronavirus infeksiyası üzərində qələbə qazanacağına inandığını bildirib. Sonra rektor M.Babanlı koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə tədrisin təşkili ilə bağlı vəziyyət barədə məlumat verib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkilatçılığı ilə keçirilən birifinqdə Təhsil naziri cənab Ceyhun Bayramovun qaldırdığı məsələlər haqqında məlumat verən rektor M.Babanlı karantin rejimi dövründə ADNSU-da onlayn tədrisin qısa müddət ərzində və effektiv şəkildə martın 29-dan etibarən təşkil olunduğunu qeyd edib. O bunun  ADNSU-da hələ 4 il əvvəl mükəmməl Elektron universitet sisteminin yaradılmsı, professor-müəllim heyətinin İT biliklərinin artırılması istiqamətində addımların atılması sayəsində mümkün olduğunu edib. Ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində  atdığı mühüm addımları qeyd edən rektor M.Babanlı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi haqqında qərarı respublikada vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən sosialyönümlü siyasətin növbəti dəfə nümayişi kimi dəyərləndirib. Rektor M.Babanlı həmin qərarın icrası ilə əlaqədar ADNSU-da aprelin 16-dan etibarən qaynar xəttin fəaliyyət göstərdiyni və cari həftənin sonunadək sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan universitet tələbələrinin siyahısının tam şəkildə hazır olacağını söyləyib və əlavə edib ki, belə ailələrdən olan və təhsil haqqını artıq ödəmiş tələbələrin vəsaitləri geri qaytarılacaq. O, Təhsil naziri cənab Ceyhun Bayramovun çıxışı zamanı önəmli məqamlardan birinin postkarantin dövründə tədrisin təşkili və imtahan sessiyasının keçirilməsi olduğunu qeyd edərək məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə müzakirələrin aparıldığını bildirib. Rektor M.Babanlı imtahanların keçirilməsi ilə əlaqədar 2019/2020 tədris ilinin yaz semestrinin onlayn rejimdə tədris olunması spesifikasının nəzərə alınaraq tələbələrin biliklərinin qiymətləndirilməsində tələbəyönümlü və eyni zamanda biliklərin obyektiv qiymətləndirilməsinə  əsaslanan yanaşmanın tətbiq olunmasının planlaşdırıldığını vurğulayıb. Sonra Elmi Şura üzvləri gündəlikdə duran müxtəlif məsələləri müzakirə ediblər. Elmi Şura üzvlərindən İdarəetmə və sistemlər mühəndisliyi kafedrasının müdiri, professor Fərid Ağayev, Enerji istehsalı texnologiyaları kafedrasının müdiri, professor Nurəli Yusifbəyli, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Elektroenergetika kafedrasının müdiri, dosent Aydın Əliyev, İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov və başqaları çıxış edərək fikirlərini bölüşüblər. Sonda rektor M.Babanlı Elmi Şura üzvlərinə, eləcə də qlobal koronavirus pandemiyası ilə mübarizə şəraitində onlayn tədrisdə iştirak edən bütün ADNSU müəllimlərinə təşəkürünü bildirib, tədirslə yanaşı tələbələrin karantin rejiminin qaydalarına əməl olunması ilə bağlı marifləndirmə işini davam etdirməyi tövsiyə edib. 


Paylaş