Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Univeritetinin (ADNSU) Elmi Şurasının onlayn formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şura üzvlərini salamlayaraq öncə iclasın gündəliyi haqqında məlumat verib. O, Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən söz açıb, vaxtında və doğru atılmış addımların sayəsində ölkəmizdə infeksiyaya yoluxma hallarının təhlükəli həddə çatmadığını, vəziyyətin daim nəzarət altında olduğunu və artıq karantin rejimində yumşalmalar olduğunu deyib.
Sonra rektor M.Babanlı koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, semesrt imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə gündəmdə olan digər vacib məsələlərdən danışıb. Bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus epidemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə gördüyü qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atıldı. Belə ki, ADNSU-da tədris olayın təşkil olundu və artıq universitet onlayın imtahanlara hazırlaşır. Əgər karantin qaydaları ilə bağlı yumşalma olmasa, imtahanların hamısının onlayn şifahi formatda keçiriləcəyini deyən rektor Mustafa Babanlı anket sorğuları və statistik göstəricilərə görə onlayın tədrisin nəticələrinin ürəkaçan olduğunu şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, universitetdə onlayn dərs sisteminin tətbiqinə başlanandan bu günə qədər 565 fənn tədris olunub və tələblərin əksəriyyəti dərslərdə iştirak ediblər.
Hazırki semestr imtahanları zamanı tələbələrə müyyən güzəşt olunacağını vurğulayan rektor Mustafa Babanlı bildirib ki, dövlət imtahanı verəcək tələbələrin orta müvəffəqiyyət göstəriciləri onlar üçün yekun attestasiya kimi qeyd olunacaq. Əgər tələbə bununla razılaşmasa, onun üçün imtahan təşkil olunacaq. Magistratura təhsil pilləsində isə dissertasiya işlərinin müdafiəsi olacaq və bunun üçün ənənəvi olaraq müvəqqəti Elmi Şuralar yaradılacaq. İstehsalat təcrübəsindən isə yekun hesabata ehtiyac yoxdur və istehsalat təcrübəsi üzrə nəticələr həmin tələbənin istehsalat təcrübəsinin hansı müəssisədə keçməsindən asılı olaraq mütəxəssisin rəyinə uyğun qiymətləndiriləcək. Buraxılış işləri antiplagiatla yoxlanılacaq. Təsdiq olunduqdan sonra orada plagiat yoxdur, həmin buraxılış işi elektron variantda qəbul ediləcək. Yəni, ilk dəfə olaraq tələbələri nəzərə alaraq elektron variantda buraxılış işini heç bir müdafiəsiz qəbul edilmiş hesab edəcəyik və tələbəyə yenə ümumi orta müvəffəqiyyət göstəricisini təklif edəcəyik. Əgər tələbə etiraz etsə ki, mən bununla razı deyiləm, daha yüksək bal üçün mübarizə aparmaq istəyirəm, həmin tələbə üçün uyğun vaxtda müdafiəni təşkil edəcəyik.
Beləliklə, Elmi Şuranın iclasında gündəlikdə duran 6 məsələ və müxtəlif məsələlər müzakirə olunub, cari məsələlər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, qərarlar qəbul olunub.