×

Xəbərlər

Xəbərlər 17 Jul 2020
ADNSU-nun Elmi Şurasının tədris ilində sonuncu iclası keçirilib

İyulun 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının 2019/2020-ci tədris ilində sonuncu iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Elmi Şuranın iclasının Ermənistanın Azərbaycan Respubliakasının Tovuz rayonu sahəsində hərbi təxribatı ilə əlaqədar sərhəddə döyüş əməliyyatlarının getdiyi, Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli zabitinin və əsgərlərinin düşmənə layiqli cavab verərkən qəhrəmanlıqla şəhid olduqları bir dövrə təsüdüf etdiyini qeyd edib. Elmi Şura üzvləri Azərbaycan ordusunun həlak olan zabitlərinin ruhunu bir dəqiqəlik sükutla qeyd ediblər. Son günlər Azərbaycan-Ermənistan sərhəddində gedən döyüşlərin Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdyini söyləyən rektor M.Babanlı öıkə vətəndaşlarının dövlət və ordu ilə yüksək həmrəylik və vətənpərvərlik nümayiş etdirdiyini vurğulayıb. Bəzi qüvvələrin Azərbaycan gənclərinin vətənpərvərlik hisslərindən sui-istifadə etmək cəhdini qətiyyətlə pisləyən rektor M.Babanlı belə halların ali məktəblərdə, o cümlədən ADNSU-da tələbələrlə tərbiyə işinin daha səmərəli şəkildə təşkilinin zəruriliyi faktını ortaya qoyduğunu qeyd edib.

Sonra rektor, proferssor Mustafa Babanlı ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin Baş katibi vəzifəsinə yeni təyin olunmuş xanım Elizaveta Budanovanı Elmi Şura üzvlərinə təqdim edib.

2019/2020-ci tədris ilinin nəticələrinə dair hesabatla çıxış edən rektor M.Babanlı qlobal pandemiya ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində martın 3-dən etibarən respublikanın bütün tədris müəssisələrində təlim-tərbiyə prosesinin ənənəvi formatda davam etdirilməsinin dayandırılmasının ADNSU-nun planlarına təsirsiz ötüşmədiyini qeyd edib. Rektor M.Babanlı ADNSU-da mükəmməl elektron universitet sisteminin və möhkəm material-texniki bazanın olması, son illər professor-müəllim heyətinin İT biliklərinin inkişaf etdirilməsi sayəsində universitetin Təhsil Nazirliyinin dəstəyi ilə qısa müddət ərzində onlayn tədrisə başlamasının tədrislə bağlı planları yüksək səviyyədə həyata keçirməyə imkan verdiyini, elmlə bağlı işlərin isə nəzərdə tutulduğu miqyasda həyata keçirilmədiyini bildirib. Elmlə bağlı işlərin sürətləndirilməsi ilə bağlı tövsiyələrini verən rektor, professor M.Babanlı 2020-ci təqvim ilinin sonunadək ADNSU-nun 100 illik yubileyi çərçivəsində keçirilməsi planlaşdırılan 3 beynəlxalq elmi konfransın bu sahədə irəliləyişə nail olmaq üçün gözəl imkanlar açdığını qeyd edib.

2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının nəticələri haqda məlumat verən rektor M.Babanlı bu prosesinin ümumilikdə 46764 imtahan-tələbəni əhatə etdiyini və onlardan 28,79%-nin “əla” qiymət aldığını söyləyib. O, cari tədris ilində bütövlükdə 2869 nəfər gəncin, o cümlədən bakalavriatura təhsil pilləsi üzrə - 2364 nəfərin, magistratura pilləsi üzrə - 505 nəfərin məzun olduğunu qeyd edib.

Məzunların işə düzəlməsi məsələsinə toxunan rektor M.Babanlı bunun ADNSU-nun qarşısında prioritet vəzifələrdən biri kimi dayandığını, karantin rejiminə baxmayaraq universitetin bu sahədə müəssisələrlə əməkdaşlığının inkişaf etdirildiyini bildirib. İyunun 11-də ADNSU-da keçirilmiş onlayn məzun-karyera sərgisinə 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri təklif etdiyini qeyd edən rektor M.Babanlı yüzdən artıq tələbənin artıq işə qəbul üçün müsahibədən iştirak etdyini və onlardan 10 nəfərdən çoxunun iş təklifi aldığını bildirib. Sərgi çərçivəsində təqdim olunmuş career.asoiu.edu.az saytının daimi əsasda fəaliyyət göstərdiyini və burada mütəmadi olaraq yeni iş elanlarının yerləşdiriləcəyini qeyd edən rektor M.Babanlı pandemiya ilə əlaqədar işəgötürənlərin həssas dövr yaşamalarına baxmayaraq ADNSU-nun məzunlarını işə cəlb etməsini universitetin nüfuzu və məzunlarının əmək bazarında rəqabətqabiliyyətli olmaları ilə izah edib, tərəfdaş müəssisə və təşkilatlara dəstəyə görə təşəkkürünü bildirib.

Ötən müddət ərzində ADNSU-nun beynəlxalq əlaqələrinin inişaf etdirilməsi istiqamətində də ciddi uğurların olduğunu söyləyən rektor, professor M.Babanlı növbəti tədris ilindən hind mütəxəssislərinin süni intellekt, verilənlər bazası ilə bağlı onlayn formatda universitetdə tədrisə cəlb olunmasının nəzərdə tutulduğunu, Banqladeşdə ADNSU-nun filialının açılması ilə bağlı razılığın əldə olunmasını qeyd edib.

2020/2021-ci tədris ili üçün ADNSU-da magisrtatura təhsil pilləsinə 1042 nəfərin qəbul olduğunu (UFAZ – 80 nəfər, MBA-116 nəfər, ADNSU – 846 nəfər) söyləyən rektor M.Babanlı, onlardan artıq 953 nəfərinin qeydiyyatdan keçdiklərini bildirib.

Karantin rejiminə baxmayaraq respublikanın ali təhsil müəssisələrinin bakalavriat pilləsinə qəbul imtahanlarının da tezliklə keçiriləcəyinə ümidini ifadə edən rektor M.Babanlı ADNSU-ya bakalavriat pilləsinə tələbə qəbulunun  yüksək olacağına dair gözləntilərin özünü doğruldacağını vurğulayıb.

Rektor M.Babanlı ADNSU-nun professor-müəllim heyətinə karantin rejimi qaydalarına maksimal dərəcədə əməl edərək özlərinin və doğmalarının sağlamlığına hər hansı təhlükənin yaranmamasını ən ümdə məsələ adlandırıb, Elmi Şura üzvlərinə möhkəm can sağlığı, təhsil və elmi fəaliyyətlərində uğurlar arzulayıb. 


Paylaş