İyulun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Beynəlxalq Energetik Universitetlər vebinarında iştirak edib.
“Enerji təhsili və tədqiqatı - qısa və uzun müddətli Strategiya” mövzusunda keçirilən vebinarda Beynəlxalq Energetik Universitetlər Assosiasiyasına (BEUA) üzv olan universitetlərin rektorları iştirak edib.
Onlayn vebinarda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Çin Neft Universitetinin rektoru professor Çjan Laybin və digər həmkarlarını salamlayaraq hazırki çətin vəziyyətdə və postpandemiya dövründə üzv universitetlərin fəaliyyətinin müzakirəsi üçün yaradılan belə bir platforma üçün təşəkkürünü bildirib.
Dünyəvi problem olan pandemiyanın özü ilə gətirdiyi problemlərdən danışan rektor M.Babanlı sosial-iqtisadi məsələlərin müzakirəsinin və həllinin aktuallığını bildirib. Enerji bazarında tələbin kəskin azalmasının yanacaq istehsal edən ölkələrə təsir göstərdiyini qeyd edən rektor M.Babanlı bunun milli iqtisadiyyatların inkişafına mənfi təsirini qeyd edib. Pandemiyanın tədris prosesində yaratdığı çətinliklərdən də söz açan rektor M.Babanlı həmçinin bu problemlərin həlli istiqamətində universitetin təcrübəsindən danışıb. Yeni tədris ilində ADNSU-nun 100 illik yubileyinin qeyd olunacağını deyən rektor, M.Babanlı bütün iştirakçıları yubiley tədbirində iştiraka dəvət edib.
Qeyd edək ki, BEUA dünyada enerji universitetləri arasında əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Eyni zamanda Çin və beynəlxalq enerji universitetləri arasında beynəlxalq enerji sektorundakı rəqabət qabiliyyətliliyi artırmaq üçün əlverişli şərait yaratmağı hədəfləyir. Çin Neft Universitetinin (Pekin) prezidenti Çjan Laybin BEUA-nın sədridir.